Bu gün Azərbaycan-Türkiyə Gənclərinin dostluq cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı səfirliyinin ərazisindəki Atatürk heykəlinin qarşısında Suriyada həyata keçirilən “Zeytun budağı” əməliyyatına dəstək aksiyası təşkil olunub.
Yenicag.az xəbər verir ki, aksiyada Azərbaycan-Türkiyə Gənclərinin dostluq cəmiyyətinin üzvləri ilə yanaşı, Qarabağ müharibəsi qaziləri, Əfqanıstan müharibəsi veteranları və digər ictimayət nümayəndələri iştirak ediblər.
Aksiya “Zeytun budağı” əməliyyatında şəhid olan türk əsgərlərini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Ardından Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Aksiya iştirakçıları “Bir millət, iki dövlət”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndirdikdən sonra Qarabağ müharibəsi qazilərinin bəyanatı səsləndirilib.
Bəyanatda deyilir:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Millətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıya, Türk Silahlı Qüvvətlərinə, Afrin “Zeytun budağı” əməliyyatına qatılan əsgər və komandirlərinə!
Biz Qarabağ müharibəsi qaziləri Ana yurdumuz olan Türkiyəmizin təhlükəsizliyi, müdafiəsiz qalmış suriyalı insanlarımızın həyatının xilası üçün başladılan Afrin “Zeytun budağı” əməliyyatını dəstəkləyir, Türkiyə dövlətinə və türk millətinə uğur diləyirik. Əminik ki, dünya tarixinin ruhu olan uca millətimiz bu gün öz tarixi vəzifəsini şərəflə yerinə yetirəcək. Böyük türk milləti və Türkiyə dövləti bilsin ki, Qarabağ müharibəsi qaziləri bu haqq müharibəsində hər zaman Türkiyənin yanındadır və müharibəyə qatılmağa hazırdır”.
Bəyanatdan sonra Azərbaycan-Türkiyə Gənclərinin dostluq cəmiyyətinin Türkiyə tərəfi başqanı Hakan Seyhan Yenicag.az-a açıqlama verib: “Bu gün Qarabağ qaziləri və azərbaycanlı qardaşlarımızla “Zeytun budağı” əməliyyatına dəstək verdik. Qarabağ qazilərinə və digər azərbaycanlı qardaşlarımıza “Zeytun budağı” əməliyyatına dəstək verdikləri üçün təşəkkür edirik”.
Aksiya yekunlaşdıqdan sonra xatirə fotoları çəkilib.
Səxavət Məmməd
www.yenicag.az