Ermənistanda parlament seçkilərinin keçirilməsinə az vaxt qalıb. Gələn il baş tutacaq bu seçkilərin Ermənistanın gələcəyi üçün həlledici olacağı vurğulanır. Hətta bəzi ehtimallara görə, bu ilin sonuna qədər növbədənkənar seçkilər də mümkündür. Lakin istənilən halda, seçkilərin uzaq bir gələcəkdə olmadığı açıqdır.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Qəzet yazır ki, ölkədəki siyasi vəziyyətin necə formalaşacağı və Ermənistanın indiki qeyri-sabit, çöküş vəziyyətindən çıxıb-çıxmayacağı birbaşa vətəndaşların seçimi ilə bağlıdır.
Qeyd olunur ki, Baş nazir Nikol Paşinyan inzibati resurslardan maksimum istifadə etsə də, onun reytinqi o qədər aşağıdır ki, seçicilərin fəallığı və son illərdən dərs çıxarması halında, bu amil belə hazırkı hakimiyyəti xilas edə bilməz.
KİV xatırladıb ki, 2021-ci il seçkilərində Paşinyan kampaniyasını “polad mandat” şüarı ilə aparmış, əlində çəkiclə kəndbəkənd gəzərək seçki qələbəsindən sonra bu “çəkici” işə salacağını bildirmişdi:
“Lakin bu “çəkic” yalnız müxalif qüvvələrə və fərqli düşüncəyə sahib insanlara qarşı istifadə edildi. Müxalif siyasətçilərə qarşı hüquqi təzyiqlər, siyasi motivli cinayət işləri açıldı və bu proses hələ də davam edir. Növbəti seçkilərə yaxınlaşdıqca, Paşinyanın hüquq-mühafizə orqanlarını şəxsi və siyasi maraqları üçün daha çox istifadə edəcəyi ehtimal olunur.
Bundan əlavə, Ermənistanda 2018-ci ildən bəri dərinləşən daxili nifrət və düşmənçilik mühiti 2021-ci ildə daha da güclənib və hazırda yeni bir mərhələyə çatıb. Cəmiyyət içində qarşıdurmalar, zorakılıq halları, sosial şəbəkələrdə yayılan nifrət çıxışları və qarşılıqlı təhqirlər artıq gündəlik həyatın bir hissəsinə çevrilib”.
Nəşr yazır ki, Paşinyan həm 2018-ci, həm də 2021-ci il seçkiləri zamanı xalqdan oğurlanan vəsaitlərin geri qaytarılacağını vəd edirdi:
“Lakin onun növbəti hakimiyyət dövrü sona yaxınlaşarkən, bu vədin yerinə yetirilmədiyi açıq görünür. Əgər həqiqətən böyük məbləğlər qaytarılmış olsaydı, ölkədə ciddi sosial və iqtisadi problemlər həll edilə bilərdi. Amma reallıqda Paşinyan hökuməti cüzi və təsirsiz tədbirlərlə kifayətlənib. Baş nazirin sosial şəbəkələrdə 2010-cu ilin istehsalı olan bir “Range Rover” avtomobilinin və ya bir neçə metr torpaq sahəsinin dövlətə qaytarılması ilə bağlı paylaşım etməsi isə cəmiyyətdə istehza ilə qarşılanır.
Bununla yanaşı, Paşinyan hökuməti büdcə vəsaitləri hesabına yüksək maaşlar və mükafatlar alır, dövlət vəsaitlərini israfçılıqla xərcləyir. Üstəlik, bəzi dövlət xərclərinin məxfi saxlanılması, cəmiyyətin bu məlumatlardan xəbərsiz olması üçün tədbirlər görülür”.
“Past” analitiklərinin fikrincə, 44 günlük müharibədən sonra Paşinyan “Gələcək var” şüarını seçki kampaniyasının əsas xəttinə çevirdi:
“Lakin bu “gələcək” yalnız hakim partiya üzvləri və onların yaxın çevrəsi üçün reallığa çevrildi. Paşinyan Ermənistanın suverenliyini və demokratiyanı qoruyacağını iddia edirdi. Lakin reallıqda o, xarici – Rusiya və Qərbdən gələn təzyiqlərə tamamilə boyun əyib və bu təzyiqləri daxili siyasətə daşıyıb. Artıq Ermənistanın necə bir dövlət olacağını və hansı konstitusiya ilə idarə ediləcəyini bu qüvvələr müəyyənləşdirir. Bakıdan səslənən konstitusiya dəyişiklikləri ilə bağlı tələblərə uyğun olaraq, Paşinyan yeni konstitusiya hazırlıqlarına da başlayıb. Faktiki olaraq, Paşinyanın “polad mandatı” müxalifətə qarşı istifadə edildiyi halda, Qərbin və Rusiyanın siyasi təsiri Ermənistanın üzərindəki basqını artırıb”.
“Paşinyanın yenidən seçilmək şansı nəzəri cəhətdən çox aşağıdır. Onun reytinqi getdikcə azalır və bəzi araşdırmalara görə, real dəstəyi cəmi 7%-ə yaxındır. Bununla belə, Ermənistanda müxalifət də zəif və dağınıq vəziyyətdədir. Müxalif qüvvələr daxili çəkişmələr, qarşılıqlı rəqabət və qeyri-müəyyən strategiyalar səbəbindən güclü alternativ formalaşdıra bilmirlər. Lakin seçkilərə qədər hələ vaxt var və ölkədə formalaşmış siyasi boşluğu yeni bir milli strategiya və cəmiyyətə ümid verən bir enerji ilə doldurmaq mümkündür”, – deyə mətndə qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az