!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Baş Planının hazırlanmasının ilkin mərhələsi başa çatdırıldı

!Reklam – Yazi

Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, əvvəl məlumat verildiyi kimi, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırıldı, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədi ilə açıq tender elan edilib.

Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri Boston Konsaltinq Qrup şirkəti ilə birgə təhlil edilib. Məlum oldu ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmamışdı, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməmişdi və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilib. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının Baş planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib.

Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilib, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb.

Beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənildi, müsbət və mənfi cəhətləri araşdırılıb.

Hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib:

1)Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;

2)Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;

3)Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;

4)Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.

Bununla yanaşı, Abşeron yarımadasının inkişafı kontekstində Bakı şəhərinin inkişafına dair aşağıdakı əsas tələblər müəyyənləşdirilib:

-mühəndis-kommunikasiya təminatının, yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;

-ictimai məkanların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması;

-ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması;

-əhalinin məşğulluq imkanlarının artırılması;

-Bakı qəsəbələrinin sosial-iqtisadi rolunun və onların özünü təmin etmə qabiliyyətinin artırılması.

Baş plan yuxarıda qeyd olunan konseptual prioritetlərin şəhərsalma nöqteyi nəzərindən diqqət mərkəzində saxlayan, ərazi planlaşdırılması həllərini təqdim edən, tikintiyə və şəhər infrastrukturunun inkişafına dair tələbləri müəyyənləşdirən əsas strateji sənəddir. Eyni zamanda, müasir şəraitdə Baş planın daha bir olduqca əhəmiyyətli rolu şəhər idarəedilməsi sahəsində dövlətin bizneslə və investorlarla dialoqun qurulmasındadır.

Birinci mərhələdə görülmüş işlər əsasında Komitə Boston Konsaltinq Qrup şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlayıb. İştirakçılar tərəfindən təqdim olunacaq tender təkliflərinin hərtərəfli dəyərləndirilməsi məqsədi ilə Komitənin əməkdaşları ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) nümayəndələri, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərləri dəvət olunaraq Tender Komissiyası yaradılıb.

Tender elanı milli mətbuatda, Komitənin www.arxkom.gov.az internet səhifəsndə,www.tender.gov.az portalında yerləşdirilməklə yanaşı, həmçinin qlobal memarlıq və şəhərsalma şəbəkələri vasitəsilə yayılacaq.

Tenderin qalibi Komitənin və Boston Konsaltinq Qrup şirkətinin dəstəyi ilə Bakı şəhərinin baş planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq.

COP29

www.yenicag.az

4160
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv