!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat

!Reklam – Yazi

Bu baxımsız ərazi şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirir.

Yeni Salyan Şossesi. Paytaxtın cənub girişi, yəni şəhərin mərkəzinə birbaşa əsas giriş yolu. O qədər də şiddətli olmayan, payız fəslinə xarakterik yağışdan sonra Bibiheybət Məscidi ətrafındakı yolun yenidən sürüşərək çökməsi bu ərazini yenidən ictimai diqqət mərkəzinə gətirdi. Cəmi 5-6 ay əvvəl sürüşmədən təmir olunan yol yenidən bağlandı, rəsmilər bu gün hadisə yerinə baxış keçirdilər…

Görünən isə budur ki Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytatımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 klometr məsafədə boz çollər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçəri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır (fotolara bax).

Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur.

Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar.

Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar. Aşağıda gördüyünüz fotonu Bakıda beynəlxalq velosiped yarışları keçirilərkən lentə almışam. Yüzlərlə əcnəbi velosipedçi bu dəhşətli mənzərələri seyr edə-edə yarışırdı. Üstəlik, bu kadrlar yarışı işıqlandıran xarici mediada da dərc olundu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?

Görünən odur ki, bilavasitə ARDNŞ üçün kadrlar hazırlayan Ali Neft Məktəbinin kampusunun da yerləşdiyi bu ərazi tamammilə «unudulub». Axı burada gələcəyin neftçiləri də təhsil alırlar, heç olmasa, onların səhhətini düşünmək lazımdır. Düzdür, bir neçə il əvvəl burada ağaclar əkilib, qismən yaşıllıq salınıb. Amma ərazinin bərbad mənzərəsi fonunda bu işlər o qədər də nəzərə çarpmır. Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar.

Bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərin müasirləşdirilməsi və abadlaşdırılması ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarını verdi: «Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın…»

Əlbəttə, bu ərazidə ciddi işlər görülüb- dənizkənarı bulvar Su İdmanı Sarayınadək uzadılıb, ərazi abadlaşdırılıb, yaşıllıq salınıb. Lakin Su İdmanı Sarayından Bibiheybət məscidinədək olan dənizkənarı və yolkənarı ərazi, fotolardan da göründüyü kimi, bərbad vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, ARDNŞ bu ərazini abadlaşdıra, yaşıllaşdıra bilər.

Nəzərə almaq lazımdır ki, bu gün Bakıda yaşıllıq sahələrinin həcminin artırılmasına da böyük ehtiyac var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İ.Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi təşəbbüsü ilə şıxış etməsi son dərəcə təqdirəlayiqdir. Bu təşəbbüs və görülən işlər yaşıllıqlarının həcmi az olan Bakı üçün hava və su kimi vacib əhəmiyyət kəsb edir. Ümid edirik ki, yaşıllaşdırma və abadlaşdırma işlərinin mühüm bir qismi də paytaxtımızın cənub girişini əhatə edəcək, müasir şəhərimizin gözəlliyini pozan bu ərazi yaşıllığa çevriləcək.

Paytaxt mərkəzinə ən yaxın ərazi kimi şəhər Cənub istiqamətində inkişaf edir, burada yeni binalar, infrastruktur obyektləri inşa edilir. Dənizkənarı zolağı, eləcə də tarixi «İpək Yolu»nun başlanğıcı olan bu magistral yolun ətrafını abadlaşdırıb yaşıllaşdırsaq, ölkəmiz, paytaxtımız, insanlarımız üçün gözəl bir iş görmüş olarıq.

Elçin Bayramlı,

«Ekoloq Jurnalistlər» İctimai Birliyinin sədr müavini

 

COP29

www.yenicag.az

1233
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv