Bakının mərkəzinə giriş pullu OLACAQ? – Ekspert suallara aydınlıq GƏTİRDİ
“Bəzi sualların cavabı hələ ki açıq qalır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Ekspert Bakının mərkəzinə nəqliyyat vasitəsilə girişin ödənişli olacağı ilə bağlı xəbərləri şərh edərək bəzi suallara aydınlıq gətirib.
Onun sözlərinə görə, kimin imkanı varsa, alternativ olaraq pul ödəyib başqa yollardan, başqa zonalardan keçməsinə şərait yaranacaq:
“Ödəniş edə bilənlər alternativ variantlardan istifadə edə biləcək. Bu həm də bəzi zonalara girişlərin ödənişli olması məsələsidir. Məsələn, hazırda bunun praktik nümunəsi var: İçərişəhər. İçərişəhərə avtomobillə daxil olanda ödəniş edilir. Ola bilsin ki, gələcəkdə, məsələn, “Tarqovı” ətrafındakı küçələr də bu formada olsun. Amma bunun müəyyən mexanizmləri hazırlanmalıdır. Çünki o ərazilərə girəndə parklanma üçün pul ödənilir. İndi isə həm giriş, həm də parklanma üçün ayrıca ödəniş ediləcəkmi, yoxsa necə olacaq? Bu məsələlər hələ açıq qalır. Bu məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəhbərliyi ilə müzakirə olunub. Bildirildi ki, məsələ ictimai müzakirəyə çıxarılacaq, ekspertlər də dəvət olunacaq. Biz də bu müzakirələrdə iştirak edib təkliflərimizi verəcəyik ki, bu məsələ hansı formada həllini tapacaq, necə tənzimlənəcək”.
E. Muradlı prosedurun beynəlxalq nümunələrə əsaslanma ehtimalı olduğunu da diqqətə çatdırıb:
“AYNA prosesdə iştirak edir. Biz də müzakirələrdə iştirak edib məsələni ətraflı təhlil edəcəyik. O zaman dəqiq bilinəcək ki, söhbət zonalardan gedir, yoxsa yollardan. Bir var ödənişli yol – hansı ki, dünyanın bir çox ölkələrində bu təcrübə var, Azərbaycanda da mövcuddur. Məsələn, magistral yola daxil olursan, ödəniş edirsən və Rusiyanın sərhədinədək gedə bilirsən. Bir də var paytaxtın bəzi mərkəzi küçələri. Bu halda küçəyə daxil olmaq, orada avtomobil idarə etmək ödənişli ola bilər. Bu isə bir qədər uyğun variant deyil. Zona olaraq qəbul oluna bilər, amma küçəni bağlayıb keçidi pullu etmək yaxşı qarşılanmaya bilər. Ümumilikdə məsələyə müzakirələrdən sonra baxılacaq və qərar veriləcək”.
Sonda ekspert bildirib ki, məsələ hələ də tam dəqiq deyil, müəyyən qərarlar müzakirə edilməlidir:
“Hazırda məsələ tam dəqiqləşməyib. Bu, sadəcə təkliflərdir. İrəli sürüləcək və yekun nəticə hökumətə təqdim olunacaq, cənab Prezidentə çatdırılacaq, təkliflərdə öz əksini tapacaq. Təkliflərimizi vermişik və prosesin sürətlə həyata keçirilməsi üçün bir çox ölkənin təcrübəsi öyrəniləcək. İnsanların narazılığına səbəb olmayacaq addımlar atılacaq. Bu, konkret zonalardır və həmin zonalara giriş pullu ola bilər. Bu, heç kim üçün ciddi problem yaratmayacaq. İmkanı olan daxil olacaq, olmayan isə avtomobilini kənarda saxlayacaq. Burada əsas hədəf ictimai nəqliyyatla bağlıdır”.
Nurlan Cəfəri