Balakəndə zəncirvari yol qəzası olub
Balakən rayonunda baş verən zəncirvari yol qəzasında 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakinləri -Qudaməmmədov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 08 BC-694 dövlət nömrə nişanlı avtomobillə Yüzbaşıyev Zahid Cahangir oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 10-BC 643 dövlət nömrə nişanlı avtomobil və Abbasov İsmayılın idarə etdiyi “Mercedes” markalı, 08-BE-616 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 21011” markalı avtomobillərdə olan sərnişinlər – 1967-ci il təvəllüdlü, Qazbinə kənd sakini Saxrayeva Arzu Nəsrəddin qızı, Zaqatala rayon sakini, 1988-ci il təvəllüdlü İsayeva Validə Ömər qızı və Qazbinə kənd sakini Əhmədov Pərviz Cuma oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, yaralılardan Arzu Saxrayevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.