ABŞ Rusiya və Çini Şimali Koreyanın ballistik raket atışlarını qoruduğuna görə tənqid edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasının 15 üzvünə bildirib ki, Şimali Koreya bu il Şuranın qətnamələrini pozaraq 59 ballistik raket atıb.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şuranın iki üzvü – Çin və Rusiya tərəfindən qorunduğunu bildirən Qrinfild KXDR-ə haqq qazandırmaq üçün böyük səy göstərdiklərini deyib.
BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari bildirib ki, Şimali Koreya beynəlxalq uçuşlara və dəniz təhlükəsizliyinə məhəl qoymadan məsuliyyətsiz hərəkət edir.
Çinin BMT-dəki daimi nümayəndəsi səfir Canq Cun Şuranı Pxenyana təzyiq etməkdənsə, konstruktiv olmağa çağırıb.
Qeyd edək ki, Şimali Koreya noyabrın 3-də altı raket sınağı keçirib. Bu sınaqların ABŞ və Cənubi Koreyanın bir həftə davam edən və F35 reaktivləri də daxil olmaqla 240-a yaxın təyyarənin iştirak etdiyi birgə hava təliminə qarşı aparıldığı bildirilir. BMT Təhlükəsizlik Şurası 2006-cı ildən Şimali Koreyaya nüvə proqramı ilə bağlı iqtisadi və hərbi sanksiyalar tətbiq edib.
www.yenicag.az