“Silah istehsal edən sahələrin sayının artırılması ilə bu qıtlığın aradan qaldırılması mümkündür”.
Bu fikirləri dünyada yaranan barıt qıtlığının qlobal silah istehsalına mümkün təsirindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünyada barıt istehsal edən ölkə və şirkətlərin sayı o qədər də çox deyil:
“Hazırda həm Ukraynada, həm də Yaxın Şərqdə davam edən müharibə kifayət qədər geniş həcmdə sursat sərfiyyatı ilə müşayiət olunur. Bu proseslər isə istər Avropanın, istərsə də münaqişəyə dəstək verən digər ölkələrin silah-sursat arsenalında hiss olunacaq həcmdə boşluqların yaranmasına səbəb olur.
İndi yaranan barıt qıtlığı dövrünü biz mütəxəssislər “sursat aclığı” termini ilə ifadə edirik. Silah istehsal edən sahələrin sayının artırılması ilə bu qıtlığın aradan qaldırılması mümkündür. Mövcud şəraitdə əsas problem müəssisə yaratmaq yox, barıtın əldə olunmasıdır.
Bu səbəbdən, yaxın on il ərzində bir çox ölkələrdə sursat qıtlığı müşahidə olunacaq. Müdafiə sənayemizin müttəfiqlərlə birgə fəaliyyət göstərərək barıt istehsalı sahəsində zəruri addımları atması gələcəkdə Azərbaycana böyük üstünlüklər qazandıra bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az