Baş nazir: "Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır"
“Məmnunluqla qeyd etmək istəyirəm ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır”.
Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır.
“Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir.
Bu prosesə Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılması, eləcə də 2023-cü ildə Türkiyədə fəaliyyətə başlayan ticarət nümayəndəliyimiz töhfə verir.
İnvestisiya əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir.
Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub.
Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır.
Eyni zamanda, Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli











