Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (https://genprosecutor.gov.az/az/post/6887) rəsmi internet səhifəsində yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri 16 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək hər gün (həftənin şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:
– 3×4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;
– əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
– yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
– yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
– yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
– hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti;
– həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizənin, kadrlar uçotunun şəxsi vərəqəsinin və tərcümeyi-halın əslini, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diploma əlavənin (qiymət cədvəlinin), xarici diplom olduğu halda onun Azərbaycan dilinə tərcüməsinin və tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətlərini, və 4×6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil).
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
www.yenicag.az