“Azərbaycanda “Qarabağ”dan başqa digər komandalar o qədər zəifdirlər ki, hətta “Şerif” də onların gözündə “əjdaha” görünür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasında “Zirə” komandasına rəqib olan “Şerif” klubunu dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, indi Avropada “Qarabağ”ı çıxmaq şərtilə digər Azərbaycan klubları başqaları üçün asan “yem” sayılır: “Zirə”yə olduqca münasib rəqib düşüb. Kim deyir ki, “Şerif” güclü rəqibdir? Güclü rəqib “Bayer”dir, “Nant”dır, “Olimpiokos”dur, “Braqa”dır. “Qarabağ” “Şerif”in güclü rəqib olmadığını çoxdan sübut edib. Sadəcə, Azərbaycanda “Qarabağ”dan başqa digər komandalar o qədər zəifdirlər ki, hətta “Şerif” də onların gözündə “əjdaha” görünür. İndi Avropada “Qarabağ”ı çıxmaq şərtilə digər Azərbaycan klubları başqaları üçün asan “yem” sayılır.
Ona görə də, “Zirə” tərəfi “Şerif”i güclü rəqib kimi qələmə verməyə çalışır. Bununla da alınacaq məğlubiyyəti sığortalamaq istəyirlər”. Mütəxəssis əlavə edib ki, bu rəqib “Qarabağ”a düşsəydi, hamı sevinəcəkdi: “Şerif” güclü rəqib deyil, sadəcə, “Zirə” çox zəifdir.
Bu rəqib “Qarabağ”a düşsəydi, hamı sevinəcəkdi. “Şerif” əvvəlki əzəmətini itirib, bu mövsüm çempion da ola bilməyib. “Zirə”yə başqa nə lazımdır? Zəhmət çəkib, çıxıb oynasınlar və mərhələni keçsinlər. Pulu boş yerə sərf etmədiklərini göstərsinlər. “Şerif” kimi rəqibi görüb, qorxuya düşəcəkdilərsə, nə işləri vardı Avropa Liqasında? Uğursuz komandaların uğursuz bəhanəsidir “Şerif” güclü rəqibdir” iddiası. “Şerif” münasib rəqibdir. O başqa məsələ ki, “Zirə” zəifdir”.
İsmayıl Bakuvi
www.yenicag.az