“Bayıldan bayıra” həbsxana sirlərini açdı – Foto

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, yazıçı Faiq Balabəylinin “Bayıldan bayıra” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış yazıçılar, şairlər, oxucular və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan şair İlqar Fəhmi Faiq Balabəylinin yaradıcılığından danışıb və “Bayıldan Bayır”a kitabının qəribə enerjisi olduğunu deyib:

“Kitabda nə qədər ağrılı şeylərdən bəhs olunsa da, bu, oxucuya mənfi enerji ötürmür. Yəni fərdin ağrılarını oxucu hiss etmir. Faiq müəllim bunu çox ustalıqla işləyib”.

Daha sonra söz alan xalq şairi Sabir Rüstəmxanlı və tanınmış yazıçı Seyran Səxavət müəllifin həssaslığından, müşahidə qabiliyyətindən, şeirdən nəsrə keçməsindən söz açıb.

Əməkdar artist Şövqi Hüseynov da Faiq Balabəylini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Şair Bilal Alarlı “Bu kitabda yazılanları tam dərk etmək üçün həmin hadisələri yaşamaq lazımdır. Mən də bu həyatı iki il yaşamışam. Buna görə də kitabı tamamilə dərk edirəm. Faiq bəy həbsxana həyatının bütün cizgilərini ustalıqla əks etdirib”, – deyib.

Şair Kəmaləddin Qədim müəllifin yazı dilinin axıcılığını, rəvanlığını vurğulayıb.

Tədbir zamanı 46 nörməli məktəbin şagirdləri Faiq Balabəylinin şeirlərini səsləndiriblər.

Mərasim şair və yazıçıların çıxışları ilə davam edib. Sonda Faiq Balabəyli kitablarını imzalayıb.(axar)

Yeniçağ.az