Bayram endirimləri, yoxsa "tələ"? – Ekspertdən istehlakçılara XƏBƏRDARLIQ
Bayram ərəfəsində mağazalarda elan olunan endirim kampaniyaları ətrafında müzakirələr artıb. Ekspertlər isə xəbərdarlıq edir ki, bəzi hallarda bu kampaniyalar istehlakçıların aldadılmasına yönəlmiş ola bilər.
Mövzu barədə Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, marketoloqların istehlakçıları cəlb etmək üçün istifadə etdiyi əsas üsullardan biri məhz saxta və ya manipulyativ endirimlərdir:
“Marketoloqların istehlakçıların hüququnu pozmaq, onları aldatmaq və cəlb etmək üçün çoxsaylı hiylələri var, onlardan biri də endirim kampaniyalarıdır. Bütün dünya ölkələrində bu sahədə ciddi problemlər var, lakin qanunvericilik həmişə bu məsələləri elə həll edir ki, istehlakçılar aldadılmasın. Məsələn, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, malların üzərində maddi məsul şəxsin imzası olan sənəd olmalıdır. Lakin biz görürük ki, Azərbaycanın əmtəə bazarında satılan malların 90 faizinin üzərində rəsmi sənəd yoxdur, sadəcə olaraq bir yazı var”.
Ekspert qeyd edib ki, bəzi satıcılar endirim kampaniyalarından əvvəl qiymətləri süni şəkildə artıraraq sonradan “endirim” adı ilə təqdim edirlər:
“Qanunu pozmaqla istehsalçılar və satıcılar əvvəlcədən qiymət manipulyasiyası edirlər; endirim kampaniyalarına bir ay qalmış qiyməti qaldırırlar, sonra guya endirirlər. Sənaye mallarında isə vitrinlərə ’70 faiz endirim’ yazmaqla sadəcə istehlakçıları mağazaya cəlb etməyə çalışırlar”.
Ətraflı videomaterialda:
Samir Məcid













