Yeni il bayramından qalan qidaların istifadə müddəti xüsusən bu günlərdə ictimaiyyətdə müzakirələr edilir. Hətta bayram yaxınlaşanda çoxları yarızarafat-yarıciddi “bu gündən ən az 1 həftə “stoliçni” yeyəcəyik” deyirlər
Sirr deyil ki, bayrama hazırlanmış qidalardan artıq qaldığı üçün bir neçə gün yeyənlər də olur.
Maraqlıdır, həmin qidaları neçə gün müddətinə yemək olar?
Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, bayramda hazırlanmış salatların, yeməklərin müəyyən istifadə müddəti olur.
Onun sözlərinə görə, tərkibində mayonez və yumurta olan salatlar riskli hesab edilir:
“Ümumiyyətlə, salatlar otaq temperaturunda çox saxlanılmamalıdır. Süfrəyə təqdim olunmadan 40 dəqiqə öncə hazırlana bilər. Çünki riskli məhsullar 3-4 saat otaq temperaturunda qalanda çirklənməyə məruz qalır. Məsələn, mayonezlə hazırlanmış “staliçni”, “mimoza” və digər salatları hazırladıqdan sonra 2 saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Soyuducuda daha keyfiyyətli, ləzzətini itirmədən qalır. Ona görə də bu cür məhsullar emal olunan kimi soyuducuya qoyulmalıdır”.
Ağa Salamov
Mütəxəssis deyib ki, salatları 48 saat soyuducuda saxlamaq olar:
“Əgər ət, balıq, toyuq, yumurta və mayonezdən hazırlanmış salatlar süfrədə 2 saatdan az qalarsa, onları ağzıbağlı şəkildə soyuducuda 48 saat saxlamaq olur. Belə olduqda heç bir qorxusu yoxdur.
Dediyim bu qaydalar ağartı məhsullarına da aiddir. Məsələn, zeytun yağı ilə hazırlanmış tərəvəz salatının otaq temperaturunda saxlanılmasının heç bir ziyanı yoxdur. Sadəcə, dadını dəyişmiş olacaq. Hətta zəhərlənmə halı verməyə də bilər. Çünki tərkibində riskli məhsul yoxdur. Bir sözlə, bibər, pomidor, xiyar, kök, göyərti tərkibli salatları mayonezsiz hazırlamaq risksizdir”.
www.yenicag.az