"Belə layihələr Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı mövqe tutmasına töhfə verir” - ŞƏRH
“Azərbaycanın Vatikanda tarixi abidələrin bərpasına dəstək verməsi ölkəmizin öz coğrafi və mədəni sərhədlərindən kənara çıxaraq bütün bəşəriyyətin irsini qorumaq missiyasını öhdəsinə götürdüyünü göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri və Fondun dəstəyi ilə bərpa olunan tarixi abidələrə baxışı ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqdakı mövqeyinin əyani təzahürüdür:
“Bu addım Azərbaycanın öz milli irsini qorumaqla yanaşı, ümumbəşəri dəyərlərə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.
Heydər Əliyev Fondu 2004-cü ildə yaradıldığı gündən etibarən Azərbaycanın və dünyanın müxtəlif bölgələrində mədəni irsin qorunması və bərpası sahəsində ardıcıl fəaliyyət göstərir. Vatikanda həyata keçirilən layihələr Fondun beynəlxalq miqyaslı humanitar və mədəni missiyasının tərkib hissəsidir.
Vatikandakı tarixi və dini abidələrin bərpasına göstərilən dəstək Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfənin parlaq nümunəsidir. Bu, eyni zamanda ölkəmizin qlobal mədəni irs sahəsində məsuliyyətli tərəfdaş kimi tanınmasına xidmət edir.
Mehriban Əliyevanın bərpa olunan abidələrə baxışı sırf protokol xarakterli səfərdən daha böyük məna daşıyır. Bu, Azərbaycanın mədəni diplomatiya sahəsindəki uğurlu strategiyasının davamıdır. Ölkəmiz bu yolla beynəlxalq ictimaiyyət qarşısında konstruktiv və açıq dövlət obrazını möhkəmləndirir, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayır, ümumbəşəri dəyərlərə hörmət və qayğı prinsiplərini təşviq edir”.
Həmzəyev vurğulayıb ki, Azərbaycanın Vatikanda tarixi abidələrin bərpasına dəstək verməsi ölkəmizin öz coğrafi və mədəni sərhədlərindən kənara çıxaraq bütün bəşəriyyətin irsini qorumaq missiyasını öhdəsinə götürdüyünü göstərir:
“Bu cür layihələr UNESCO-nun dünya mədəni irsinin qorunması prinsipləri ilə tam uyğunluq təşkil edir, beynəlxalq mədəni əməkdaşlığın yeni formatlarını yaradır, Azərbaycanın qlobal mədəni proseslərdə aktiv iştirakını təmin edir.
Birinci vitse-prezidentin şəxsən bu layihələrlə maraqlanması və onlara nəzarət etməsi Azərbaycan dövlətinin mədəni irsin qorunmasına strateji yanaşmasının sübutudur. Bu, həm də gələcək nəsillərə ötürülən dəyərlərin əhəmiyyətinin dərk edildiyini göstərir.
Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi bərpa layihələri və xanım Mehriban Əliyevanın bu işlərə göstərdiyi diqqət Azərbaycanın mədəni sahədəki beynəlxalq öhdəliklərini yerinə yetirən, humanist dəyərlərə sadiq qalan və qlobal mədəni irs qarşısında məsuliyyət hiss edən dövlət olduğunu bir daha təsdiqləyir.
Bu fəaliyyət Azərbaycanın dünya xalqları ilə əməkdaşlığının təkcə iqtisadi və siyasi deyil, mədəni-humanitar ölçüsünün də nə qədər zəngin və məzmunlu olduğunu nümayiş etdirir. Belə layihələr ölkəmizin beynəlxalq nüfuzunun artmasına və mədəniyyətlərarası dialoqda aparıcı mövqe tutmasına əhəmiyyətli töhfə verir”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli