Bələdiyyə seçkiləri: fərqli münasibətlər
Aydın Mirzəzadə: “Seçicilərin seçki mədəniyyətinin yüksəldiyini, seçkilərin daha təkmil olduğunu deyə bilərik”
Fazil Mustafa: “Sumqayıtda icra hakimiyyəti nümayəndəsinin prosesə müəyyən dərəcədə müdaxiləsi barədə məlumatlar daxil olub”
Sabir Rüstəmxanlı: “Müxalifətin bələdiyyələrdə iştirakı üçün şərait yaradılmadı”
Artıq növbəti, sayca 4-cü bələdiyyə seçkiləri də başa çatdı. Hazırda nəticələrin ümumiləşdirilməsi prosesi gedir. Qeyd edək ki, 35 minə qədər insan 15 min bələdiyyə üzvlüyünı namizəd idi. Görəsən, siyasilər bu seçkiləri necə dəyərləndirir?
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Yenicag.az saytına açıqlamasında bildirdi ki, bələdiyyə seçkiləri şəffaf şəkildə keçirildi: “Bu 4-cü bələdiyyə seçkiləri idi ki, keçirildi. Ümumən müqayisə etdikdə seçicilərin seçki mədəniyyətinin yüksəldiyini, seçkilərin daha təkmil olduğunu deyə bilərik. Bakının 6 rayonunun 10 məntəqəsində oldum. Qaradağ rayonunda bir məntəqənin açılışında iştirak etdim. Ümumən seçkinin Mərkəzi Seçki Komissiyasının təlimatlarına uyğun keçirildiyinin şahidi oldum. Artıq seçki komissiyalarının fəaliyyətində bir peşəkarlıq yaranıb. İşə məsuliyyətlə yanaşmaq, seçki prosesini qüsursuz keçirmək təcrübəsi yaranıb. Deyərdim ki, insanlar heç bir problem olmadan səsverməyə gəlib səs verib, öz seçimlərini edə bildilər. Bütün seçki məntəqələrində veb kameralar gördüm. Müşahidəçilər vardı, seçki qutuları mərkəzdə idi, ona görə də seçki prosesini normal şəkildə müşahidə etmək olurdu. Seçicilərin hər hansı texniki problemi olduqda qanunun imkan verdiyi yerə qədər ona kömək etməyə çalışırdılar. Bir neçə məntəqə yanında exit-pollun da nümayəndələrini gördüm. Onlar da öz fəaliyyətlərini həyata keçirirdi. Bu baxımdan bələdiyyə seçkilərinin şəffaf və demokratiyaya uyğun keçirildiyini deyə bilərəm”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da prosesin ümumən normal şəkildə getdiyini söylədi: “Ümumən bələdiyyə seçkiləri normal şəraitdə keçdi. Bu barədə heç bir şikayət daxil olmayıb. Təkcə Sumqayıtda icra hakimiyyəti nümayəndəsinin prosesə müəyyən dərəcədə müdaxiləsi barədə məlumatlar daxil olub. Amma qalan dairələrdə proses problemsiz başa çatıb. Partiyamızdan 305 nəfər namizədliyini vermişdi. Hazırda nə qədərinin seçildiyini dəqiqləşdiririk. Hələ ki, yekun nəticələr də Mərkəzi Seçki Qərargahında açıqlanmayıb. İndi nəticələrin ümumiləşdirilməsi gedir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə prosesdən narazı qaldığını ifadə etdi: “Son rəqəmlər hələlik əlimizdə yoxdur. Amma bütün hallarda nəticələrdən çox narazıyam. Bir sıra rayonlar az qala qabaqcadan bəyan edirdi ki, onsuz da siyahılar, kimin seçiləcəyi məlumdur. Rayonlarda icra başçıları, xırda məmurların apardığı siyasət seçkiyə olan marağı öldürmüşdü. Sanki seçki əvvəldən olub qurtarıb. Ona görə də seçkilərə çox az adam gəldi. Demək olar ki, müxalifətin bələdiyyələrdə iştirakı üçün şərait yaradılmadı. Müxalifət adından gedənlərin bir çoxunun da heç müxalifətə dəxli yoxdur”.
Rüfət