Bələdiyyələr “torpaq satmaq”dan başqa hansı işə yarayır? – “Bu qurum üçün imkanlar yaradılmalıdır”

“Bu gün bələdiyyələrin büdcəsi ancaq torpaq satışından və torpağın icarəyə verilməsindən əldə olunan gəlirlər hesabına formalaşır”.

Bunu ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin say çoxluğuna toxunan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, bələdiyyələrin gəlir imkanlarının aşağı olması onların fəaliyyətini məhdudlaşdıran amillərdən biridir:

“Bələdiyyələrin bugünkü fəaliyyətinə münasibət birmənalı deyil. Çünki cəmiyyət bələdiyyələrin, adətən, torpaqlar satmasını düşünür. Lakin qanunvericilik normalarına əsasən, bələdiyyələrin böyük səlahiyyətləri var. Halbuki bu gün bələdiyyələr həmin səlahiyyətlərindən istifadə edə bilmirlər. Bunun əsas səbəblərindən biri maddi-texniki bazanın olmaması və ya zəif olmasıdır.

Qanunvericiliyə görə, bələdiyyələr məişət tullantılarının daşınması və emalı istiqaməti üzrə fəaliyyət göstərə bilərlər. Bundan başqa, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərərək öz büdcəsinə vəsait yığa bilər. Təəssüf ki, bu gün bələdiyyələrin büdcəsi ancaq torpaq satışından və torpağın icarəyə verilməsindən əldə olunan gəlirlər hesabına formalaşır. Bu bəzi hallarda bələdiyyə üzvlərinin əməkhaqlarının verilməsinə də çatmır.

Bələdiyyələr üçün elə bir şərait yaradılmalıdır ki, Türkiyədəki kimi daxil olan vəsait hesabına böyük işlər həyata keçirə bilsin. Ölkəmizdə bələdiyyə sanki icra hakimiyyətlərinin hansısa funksiyası əsasında fəaliyyət göstərir. Ona görə də yalnız icra orqanlarından gələn tapşırıqları yerinə yetirməyə məcbur olurlar. Bələdiyyələrin yenidən formalaşdırılması seçki prosesinin keçirilməsinə bağlıdır. Azərbaycanda bələdiyyələrin inkişaf etdirilməsi zəruridir. Bu gün bələdiyyələrin bir sıra səlahiyyətlərə sahib olması üçün imkanlar yaradılmalıdır. Mənzil Məcəlləsində binaların idarəetməsinin bələdiyyələrlə müqavilə əsasında həyata keçirilməsi üçün müvafiq maddə var. Lakin binalarda sadəcə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti formalaşdırılır və sözügedən maddə icra olunmur. Ən azından binaların dam örtüklərinin bərpası, pilləkən qəfəslərinin və həyətlərin təmiri bələdiyyələrə tapşırıla bilər. Yaxşı olar ki, bələdiyyələr sosial layihələrə dəstək versinlər. Bu, cəmiyyətin etimadını qazanmaq üçün uğurlu addım ola bilər. Vətəndaşların bələdiyyələrə etimadsızlığı fonunda onların böyük əksəriyyəti əmlak vergisini ödəməkdən yayınırlar. Halbuki bu ödəniş bələdiyyələr üçün gəlir yeridir”.

Qeyd edək ki, hazırda Azərbaycanda 1606 bələdiyyə və 15 minə qədər bələdiyyə üzvü var.

Gülşən Şərif