Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu
Nəsimi rayonunda gecə saatlarında yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunub.
Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.












