“Azərbaycan tərəfi ilə ermənilər arasında təmaslar baş tutsa, hərbi əməliyyatlar təxirə salına bilər, yox, bu olmasa, hərbi müdaxilə qaçınılmaz görünür”.
Bu fikri Qarabağda gərgin vəziyyət, müharibə, yaxud hərbi əməliyyatlar ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.
Tərlan Eyvazov bildirib ki, hərbi əməliyyatlar ehtimalı indiki məqamda daha yüksəkdir:
“Sərhəddə baş verənlərlə bağlı onu deyə bilərəm ki, düşünmürəm 44 günlük müharibədə fiaskoya uğrayan Ermənistan hücum etməyə cəsarət etsin. Ancaq orada olan revanşist qüvvələrin təxribat törədə biləcəyi gözləniləndir. Baxmayaraq ki, 4 ildən çoxdur Nikol Paşinyan hakimiyyətdədir. Ancaq o, ölkəyə tamamilə nəzarət edə bilmir. Ona görə də təxribatlara heç kim qarantiya verə bilməz.
BMT-də olan müzakirələrdə Azərbaycan tərəfinin üstünlüyü onu deməyə əsas verir ki, bundan sonra Qarabağ ermənilərinin rəsmi Bakının təkliflərinə necə cavab verməsindən asılı olacaq. Göründüyü kimi, içəridə sabit deyil. Artıq təsdiqin tapır ki, Arayik Arutyunyan istefa verib, aradan çıxmaq istəyir. Samvel Babayan Arayikin yerinə keçmək istəyir. Samvel Babayan həm Rusiya sülhməramlıları ilə, həm də Azərbaycan tərəfi ilə əlaqələrinin olduğu deyilir. Hazırda Qarabağda ara qarışıqdır. Separatçı rejim vəziyyətə tam nəzarət edə bilmir. Belə olan halda oradakı silahlılar təxribat törədə bilərlər. Bu məqamda Azərbaycan Ordusu oturub gözləyəsi deyil. Mütləq şəkildə əməliyyatlara başlayacaq. Əməliyyatlara başlayarkən Rusiya sülhməramlıları xəbərdar olunacaq. Sülhməramlıların maneçilik törədəcəyini düşünmürəm. Maneçilik törətmək imkanlarına da malik deyil.
Azərbaycan tərəfi hərbi əməliyyatlar keçirsə, buna heç bir beynəlxalq təşkilatın qarşı çıxacağı gözlənilmir. BMT müzakirəsindən sonra məlum oldu ki, beynəlxalq təşkilatlar Azərbaycanı qınamayacaq. Orada qeyri-qanuni silahlı birləşmələr var. Belə olan halda Azərbaycan tərəfinin hərbi müdaxiləsi qanunidir.
Ümid var ki, Aryaik Arutyunyan özü kənara çəkilsin. Məlumata görə, Qarabağ erməniləri ilə Azərbaycan tərəfi Bərdədə görüşə bilər. Əgər təmaslar baş tutacaqsa, əməliyyatlar təxirə salınacaq. Əgər təmaslar olmasa, vəziyyət hərbi əməliyyatlara doğru gedir”.
Səxavət Məmməd
www.yenicag.az