Berlində müstəqilliyimiz qeyd olunub
j8Berlin şəhərində – Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
AAKM-in İcraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycanın müstəqillik tarixi haqqında qısa məlumat verərək 23 il əvvəl qazanılmış bu müstəqilliyin möhkəmləndirilməsindən, ötən müddət ərzində beynəlxalq aləmdə əldə olunmuş uğurlardan danışıb. S.Patzer-İsmayılova bildirib ki, gənc, lakin qədim tarixə malik Azərbaycan dövləti qarşısında duran vəzifələrin öhdəsindən gələrək istər yerli, istərsə də beynəlxalq arenada daha böyük iqtisadi və siyasi uğurlar qazanacaq.
Daha sonra bayram tədbirində iştirak edən qonaqlar, o cümlədən jurnalist və aparıcı Hacı Nuran Hüseynov çıxış edərək qonaqları Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, 23 il əvvəl müstəqilliyin əldə olunması, onun qorunmasında keçilmiş çətin yol barədə danışıblar.
Tədbirin yekununda rejissor Elçin Musaoğlunun Azərbaycanın müstəqillik yolundan bəhs edən “40-cı qapı” filmi nümayiş etdirilib. Film 1990-cı illərin əvvəlində – müstəqilliyin ilk illərində Azərbaycan dövlətinin üzləşdiyi çətinlikləri, Azərbaycanın keçdiyi inkişaf yolunu əks etdirir. Nümayişdən sonra iştirakçılar arasında 23 il əvvəl Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, bu illər ərzində qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsinin ölkənin inkişafına yaratdığı çətinliklər və digər mövzularda müzakirələr olub.
Tədbirdə Azərbaycan və türk diasporunun nümayəndələri, azərbaycanlı tələbə və elm adamları iştirak edib. (apa.az)