Bəşər Əsəd yenidən “qardaşım Əsad”a çevrilə biləcəkmi? – Ekspert şərhi
Ərəstun Oruclu: “Türkiyənin bu müdaxiləsi məqsədəuyğun deyil”
Son zamanlar Türkiyə qoşunlarının Suriya ilə sərhəddə yaranmış gərginliyi aradan qaldırmaq üçün bu ölkəyə daxil ola biləcəyilə bağlı fikirlər səslənir. Hətta məsələ rəsmi səviyyələrdə belə müzakirə predmeti olub.
Görəsən, Türkiyə Suriyaya daxil ola bilərmi? Putinin vasitəçiliyi ilə Əsədlə Ərdoğan yenidən bir araya gəlib, Suriya ərazisində Kürdistan dövlətinin qurulmasına əngəl ola bilərmi?
Yenicag.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu Ankaranın Suriya ərazisinə daxil olmasını yolverilməz hesab etdi: “Əslində Türkiyənin Suriyaya hərbi müdaxilə məsələsi daha çox Ankaranın daxili problemindən qaynaqlanan məsələyə oxşayır. Çünki, hakim AKP koalisiya yarada bilmir. Təkrar seçkiyə getmək isə iqtidar partiyasına daha böyük uğursuzluq vəd edir. Bu fonda görünür, xarici amilə ehtiyac var. Amma eyni zamanda Suriyaya hərbi müdaxilə etmək Türkiyə üçün ciddi fəsadlar yarada bilər. Bir tərəfdən son zamanlar zorakılıq müstəvisindən, sivil mübarizə müstəvisinə keçən kürd məsələsi gündəmdədir, digər tərəfdən bu Əsəd rejimini müdafiə edən qonşu dövlətlər və qruplaşmalarla qarşı-qarşıya durmaq deməkdir. Ümid edək ki, bu baş verməyəcək. Normal, ağıllı hesablamalar göstərir ki, Türkiyənin bu müdaxiləsi məqsədəuyğun deyil”.
Ərdoğanın Əsədlə Putin vasitəsilə bir araya gəlməsi və bu fonda Kürdüstan dövlətinin yaranmasına əngəl olmaları məsələsinə gəldikdə, həmsöhbətimiz bu amilin heç də Rusiya prezidentindən asılı məsələ olmadığını dedi: “Bu Putin və Əsəddən asılı məsələ deyil. Məsələ ilə daha ciddi dünya gücləri məşğuldur. Ona görə də adları çəkilən liderlər özbaşına belə işlər edə bilməz”.
ELÇİN