“O səviyyədə filmlərin çəkilməsi üçün hələ bir 30-40 il də lazım olacaq”.
Bu sözləri tanınmış aktyor, Xalq artsiti Valeh Kərimov Yenicag.az-a açıqlamasında deyib.
Son illər milli kinomuzda yaşanan durğunluqdan danışan aktyor filmlərə az çəkilməsinin səbəblərini də açıqlayıb:
“Film çəkilmir, aktyorlar da oturub gözləyirlər. Olmayan şeydən nə danışım? Sonuncu dəfə 1991-ci ildə Xalq artisti Ramiz Əzizbəylinin rejissoru olduğu “Bəxt üzüyü” filminə çəkilmişəm.
Ümumiyyətlə, məni filmlərə çox az çəkiblər. Bir neçə filmdə epizodik rollarım olub. Çəkilməməyimin səbəbini də bilmirəm. Düzdür, özümü teatr aktyoru hesab edirəm, amma əlbəttə, bir aktyor kimi filmlərə də çəkilmək istəmişəm. Lakin çəkməyiblər.
Yəqin rejissorlar məni kinoya yaraşdırmayıblar. Təəssüflər olsun ki, bu gün normal filmlər çəkilmir. Vaxtilə şedevr filmlər çəkilirdi, indi o filmlər Azərbaycan milli kinosunun inciləri sayılır. Amma 30 ildən artıqdır ki, o səviyyədə filmlər istehsal olunmur. Böyük ehtimalla, o səviyyədə filmlərin çəkilməsi üçün hələ bir 30-40 il də lazım olacaq.
İndi çəkilən filmlər həvəskar səviyyədədir. Bunu əminliklə deyirəm, sözlərimdən kim inciyirsə, incisin. Ola bilər özləri həmin filmləri peşəkar ekran əsəri kimi dəyərləndirirlər. Təbii ki heç kim öz ayrınına turş demir. O filmlər “birgünlük, beşaylıq” filmlərdir və kino tarixində qalmayacaq”.
Cəvahir
www.yenicag.az