Bəxtiyar Əliyevə qarşı ittihamlara aydınlıq gətirildi
İllərdən bəri Bakı Dövlət Universitetində müəllim şərəfinə xidmət edən və dövlətimiz üçün vətənpərvər kadrlar yetişdirən Bəxtiyar Əliyev haqsız hücumlara məruz qalır
Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir. Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır.
Jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır. Düzəliş zamanı aydın olmalıdır ki, əvvəl verilən məlumat tam, yoxsa konkret hansı hissədə səhvdir.
Təəssüf ki, Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul edilən bu müddəlar elə jurnalistlərin özləri tərəfindən dəfələrlə pozulub və pozulmaqda da davam edir. Ağrıdıcı cəhət ondadır ki, bu gün azsaylı abrını qorumuş, hörmətli ziyalılar ziyanlı qələmlərin qurbanına çevrilirlər.
Ölkədə yazılacaq o qədər neqativ problem görməzdən gələn bəzi qələm sahibləri harada bir ziyalı varsa, onu hədəf seçirlər.
Neçə müddətdən bəri Azərbaycan mətbuatında millət vəkili Bəxtiyar Əliyevin hədəf seçilməsi, vaxtaşırı müxtəlif media qurumlarına yazıların ötürülməsi prossesi də bu qəbildən olan hadisədir.
İllərdən bəri Bakı Dövlət Universitetində müəllim şərəfinə xidmət edən və dövlətimiz üçün vətənpərvər kadrlar yetişdirən Bəxtiyar Əliyev haqsız hücumlara məruz qalır.
AMEA-nın müxbir üzvü, Professor, Psixologiya elmləri doktoru, BDU Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli məclisinin Elm və təhsil komitəsinin sədr müavini kimi mühüm titul və vəzifə sahibi olan Bəxtiyar Əliyevin elmi əsərlərindən yazmaq əvəzinə belə bir alim gözdən salınmaq istənilir.
Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biri olan Bəxtiyar Əliyev, həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji me-yarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələr hüquq praktikasında istifadə edilərək, cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.
Bununla yanaşı B.Əliyev şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. Bu model Türkiyə Respublikasında keçirilən beynəlxalq konfransda müzakirə edilmiş və aprobasiyadan keçmişdir. Eləcə də öyrənmənin dərketmə modeli ən mühüm nəticə kimi AMEA-nın hesabatlarına daxil edilmişdir.
Professor B.H.Əliyevin elmi fəaliyyətində siyasi psixologiyanın müxtəlif problemlərinin tədqiqi öncül yerlərdən birini tutur. O, beynəlxalq səviyyədə siyasi psixologiyanın aktual məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1997-ci ildən bu günə qədər psixologiya kafedrasına rəhbərlik edir. B.Əliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildən hazırkı dövrə qədər psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.
Professor B.Əliyevin rəhbərliyi altında 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 150 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 15 elmi əsəri çap edilmişdir.
Respublikamızda ilk dəfə olaraq 1999-cu ildə “Psixologiya jurnalı”nı təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş redaktorudur. Jurnal qısa müddətdə respublikada və xarici ölkələrdə diqqəti cəlb etmiş, elmin inkişafında böyük rol oynamışdır.
O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvüdür. BMT-nin “Korrupsiyaya qarşı” konvensiyasının işçi orqanı olan Konfransın İndoneziyada keçirdiyi II Beynəlxalq Konfransda və İAACA-nın Bakıda keçirdiyi Beynəlxalq Konfransda və müxtəlif konfranslarda iştirak etmişdir.
Gördüyünüz kimi ictimai-siyasi, eyni zamanda elm sahəsində mühüm xidmətlərə malik Bəxtiyar Əliyevi qaralamaq ən azından insafsızlıqdır.
Təəssüf ki, Bəxtiyar Əliyevin uğurlarını qısqananlar, onun Azərbaycan elminə qazandırdığı naliyyətləri görmək istəməyənlər mediamızın boşluqlarından istifadə edərək, onun əleyhinə yazıların yayılmasına nail olurlar.
Ancaq həqiqət gec də olsa, özünü göstərib və göstərəcək. Və bu barədə mətbuata “xəbər” ötürənlər də bir gün belə bir ziyalını qaralamağın doğru olmadığını anlayacaqlar…