«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Ədilov Tural Cəlil oğlu, Səfərov Məmmədbağır Qarsalan oğlu və Ağayev Oqtay Sabir oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Ədilov Tural Cəlil oğlunun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Səfərov Məmmədbağır Qarsalan oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satmanı təşkil etmə cinayətini, Ağayev Oqtay Sabir oğlunun isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.05.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
www.yenicag.az