İyun ayının 20-də Beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən bir qrup sürücü Azərbaycan Respublikasının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin binası qarşısına toplaşıblar.
Yenicag.az xəbər verir ki, bu aksiyanın əsas səbəbi beynəlxalq yük daşınmalarında yerli sürücülərə yaradılan problemlərdir. Onların sözlərinə görə, dispetçerlər yüklərin daşınmasınıda yerli sürücülərə üstünlük vermirlər, xaricdən gələn yük maşınları ilə malların daşınmasında maraqlıdırlar. Bu da yerli sürücülərin işsiz qalmasına səbəb olur.
Məsələ ilə bağlı danışan sürücü Ramil Bəylərov bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirib: “İstəyirik ki, yükdaşınma ilə bağlı qanunlara yenidən baxılsın. 1995-ci ildə Azərbaycanın yükdaşınmasında kifayət qədər yük daşıyan avtomobillər olmadığı üçün xarici yükdaşımalara icazə verilib. Lakin indiki dövrdə yükdaşınma sahəsində Azərbaycanda kifayət qədər avtomobillər var. Ancaq hələ də, yükdaşınmada xaricilərə üstünlük verilir. Bu da nəinki yerli sahibkarlara, həmçinin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Çünki xarici avtomobillər dövlətə heç bir vergi ödəmir”.
Digər sürücü Məhəmməd Ağayev yük daşınmasında onlara təklif olaunan qiymətlərin sərf etmədiyini bildirdi: “Sifarişlərimiz olmur, olanda da yükləri daşımaqda aşağı qiymət təklif edirlər, imkansızlıqdan məcbur qalıb, razı oluruq. Çünki hərəmizin evində bir kredit borcu var. Heç nəyə pul çatdıra bilmirik. Bu qiymətlərlə biz, Azərbaycan sürücüləri nə avtomobilimizi texniki baxışdan keçirə, nə də nəqliyyat vasitəsinə təkər ala bilirik. Adi bir TIR-ın təkərinin qiyməti 800 manatdır. Bizim isə bunu almaq imkanımız olmadığı üçün işlənmiş təkərlərdən istifadə edirik.”
Azər Həbibov adlı sürücü yükdaşınmada verilən “dazvol”ların (yük avtonəqliyyatı üçün yol vərəqi) baha olmasından şikayətləndi: “Yükdaşınmanı “qara bazar”a çeviriblər. 20 dollarlıq “dazvol”u bizə 80, 200, 300 manata satırlar. Türkiyə, Gürcüstan, Ukrayna və Rusiyadan gələn yük avtomobillərinin sürücüləri “dazvol”ları çox rahat şəkildə əldə edirlər. Bu isə bizə sərf etmir.”
Sonda sürücülər şikayətlərinə baxılması üçün Nazirliyə sənəd təqdim ediblər və tez müddətdə bu məsələlərin həll olunacağına ümid bəsləyirlər./Musavat.com/
www.yenicag.az