Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bəzən aidiyyatı olmayan adamlara elə işlər tapşırılır ki” – Seyfullah Türksoy  

Reklam: Sinerji Pro

“Can-başla iş görən insanlar təvazökar olduqları üçün ehtiyacları olsa da, dəstək üçün ağız açmırlar”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Bakı Avrasiya Universiteti “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin sədri Seyfullah Türksoy deyib.

– Seyfullah bəy, öncə Fəxri Doktor adı almağınız münasibətilə Sizi təbrik edirəm. Uzun illər boyu göstərdiyiniz fədakar fəaliyyətin qarşılığı olaraq, aldığınız bu ad hansı hissləri doğurdu?

– Gördüyü işlərin qiymətləndirilməsi, əlbəttə ki, insanı məmnun edir. Mən də çox təsirləndim və fərəhləndim. Qeyd edim ki, mən hər il müxtəlif mükafatlarla təltif olunuram. Fəxri doktor adı almağım isə çox mənalı bir haldır. Niyə? İlk öncə bu adı almağım Azərbaycanda Cümhuriyyətin 100-cü ildönümünə təsadüf etməsi baxımından, əhəmiyyətli idi. Bir haşiyə çıxım ki, mənim ata-babalarım Borçalıdan olduğu üçün Azərbaycanı Türkiyə ilə yanaşı hər zaman Vətən kimi tanımışıq. Yəni ikinci səbəb də budur. Azərbaycanda elmi tutul almaq məni çox sevindirdi. Baxdıqda görürük ki, Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilmiş insanların hamısı bir-birindən dəyərlidir. Onların arasında yer tutmağım məni xeyli qürurlandırdı, bununla çox fəxr etdim. Məmnunluğumun başqa bir səbəbi isə Azərbaycanda illərdir tanıdığm mötəbər insanların təqdimetmə mərasiminə qatılaraq, mənim sevincimə şərik olmalarıdır. Orada olanlardan Türk dünyasının böyük şairi, hamımızın ağsaqqalı, insanlığı ilə nümunə olan böyük Türk övladı Sabir Rüstəmxanlının çıxışı məni çox duyğulandırdı. Eyni zamanda, Ərdahan Universitetinin qurucu-rektoru, Qafqaz Universitetləri Birliyinin sədri, professor Ramazan Korkmazın çıxışından da təsirləndim. 20 ildən çoxdur tanıdığım, evini Türk dünyası dərgahına çevirən, Yavuz Bülent Bakilərdən tutmuş Yahya Akenginlərə, rəhmətlik Turan Yazqandan tutmuş bir çoxlarına qədər gəlib çayını, qəhvəsini içdiyi o ocağın anası, Azərbaycan-Türkiyə Evinin rəhbəri, dəyərli bacım Tənzilə Rüstəmxanlının, Azərbaycnın hörmətli millət vəkillərindən Hikmət Babaoğlunun, Yunus Əmrə İnstitutunun sabiq rektoru İbrahim Yıldırımın, universitetin prorektoru Siyavuş bəyin və digərlərinin çıxışı məni çox kövrəltdi. O çıxışlar layiq görüldüyüm Fəxri doktor adına əlavə dəyər qatdı, mənim üçün unudulmaz anlara çevrildi. “Yeni Çağ” Media Qrupu olaraq, sizlərə də öz diqqətinizə görə minnətdarlığımı bildirirəm. Bu ad mənim məsuliyyətimi daha da artırır. Həmin gün “Yeni Çağ”ın Cümhuriyyətin 100-cü ildönümünə həsr edilmiş mükafatlandırma mərasimində də məmnunluqla iştirak etdim. Yəni bir gündə iki çox əlamətdar tədbirə qatıldım.

– Bildiyiniz kimi, Avrasiya elə Türk dünyası deməkdir. Bu coğrafiyanı ən yaxşı tanıyan türkiyəli jurnalist-araşdırmaçılardan birisiz. Bu bölgədə görülməsi vacib olan, ancaq hələ də görülməyən hansı işlər var?

– Əlbəttə, bu çərçivədə xeyli işlər görülsə də, həyata keçiriləsi işlər də çoxdur. Deyim ki, görülən işlər görüləsi işlərin cəmi on faizini təşkil edir. Hansı işlər görülməlidir? İlk olaraq, əlifba məsələsində səylər gücləndirilməlidir. Çünki ortaq əlifba ümumtürk qardaşlığının təməllərindən biridir. Sabir bəyin çox gözəl bir fikri var. Deyir ki, Türkiyə Türk dünyasının aparıcı ölkəsidir. Bu yanaşma digər Türk dövlətlərinin əhəmiyyətini azaltmaq kimi anlaşılmamalıdır. Azərbaycan da, Özbəkistan da, digər dövlətlər də çox qədim və güclü mədəniyyətə, tarixə malikdirlər. Ancaq bu gün 82 milyonluq Türkiyənin türkcəsi baza rolunu oynaya bilər. Bu, tək mənim fikrim deyil. Rəhmətlik Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov və digər nüfuzlu ziyalılar da belə düşünürdülər. Yəni ortaq əlifbanın yaradılması istiqamətində daha təsirli addımlar atıla bilər. İkinci məsələ tarix birliyidir. Bu məsələdə də hərəkətlənməyə ehtiyac var. Eyni zamanda, keçmişdə mübahisə doğuran bəzi məsələlərə yanaşmaların da qardaşlığa ziyan vurmaması üçün dəyişməsi lazımdır. Bu sırada, Əmir Teymur – Bayazid, Yavuz Səlim – Şah İsmayıl müharibələrini və digər hadisələri qeyd edə bilərik. Bu mövzulara qardaşlıq ruhu ilə yanaşılmalı, gənc nəslə də o cür öyrədilməlidir. Türkiyə Qazaxıstanda Əhməd Yasəvi, Qırğızıstanda isə Manas universitetləri açıb. Bu,  müsbət işlərdir, ancaq yetərli deyil. Nəyə görə Türk dünyasının paytaxtı sayılan İstanbulda möhtəşəm bir universitet qurulmasın? O universitetdə Türk dünyasının hər yerindən gələn gənclər təhsil almalıdırlar. Orada oxuyacaq tələbələrin də hər hansı dini-siyasi cərəyanlara qoşulmalarına imkan verilməməli, dövlətin diqqət mərkəzində olmalıdırlar. Təəssüf ki, biz vaxtilə təhsil sahəsini məlum qrupa verdik və bunun nə qədər yanlış addım olduğunu da gördük. Eyni zamanda, Ümumtürk telekanalı və media quruluşlarının da yaradılması zəruridir. Bu işləri əlbəttə ki, Türk dünyasını yaxından tanıyan insanların iştirakı ilə görmək lazımdır. TRT Avaz bu məqsədlə yaradılsa da, təəssüf ki, o kanal Türk dünyasının qanadı ola bilmədi. Dediyim işləri dövlət xətti ilə etmək çətindirsə, özəl sektoru da prosesə cəlb etmək olar. İş qurmaq istəyən gənclərə faizsiz kreditlərin verilməsi, o cümlədən Ahıska türklərinin uyğun yerlərdə məskunlaşdırılması, onların həyatının rahatlaşdırılması istiqamətində də işlər görülməlidir. Yüzlərlə məsələ var, onların hamısını birnəfəsə sadalamaq çətindir. Mən özüm də bizim “İpəkyolu” təşkilatı vasitəsilə hərbi, iqtisadi, strateji əməkdaşlıq, şəhərsalma, təhsil, ətraf mühit və digər sahələrdə bəzi işləri həyata keçirməyi düşünürəm. Bu işlərə dəstək vermək lazımdır. Yoxsa gündəlik, nəticəsiz müzakirələrlə nəyəsə nail olmaq mümkün deyil. Həm də bəzi qurumlar kimə və nəyə dəstək verdiklərini diqqətlə seçməlidirlər. Bəzən aidiyyatı olmayan adamlara elə işlər tapşırılır ki, onlar da ciddi ideyaları tamamilə nüfuzdan salırlar. Tanışlıqla, şəxsi əlaqələrlə tapşırılan, görülən işlərin nəticəsi ola bilməz. Ancaq can-başla iş görən insanlar təvazökar olduqları üçün ehtiyacları olsa da, dəstək üçün ağız açmırlar. O insanları niyə görməzdən gəlirlər? Onlar nəsə istəməməlidirlər, o adamlara dəstək verilməlidir. Qürurlu insanlar gəlib kiməsə yalvarmalı, xahiş etməli deyil. Üzünüzə demirəm, Azərbaycan-Türkiyə Evinin timsalında Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” olaraq sizlər Azərbaycan-Türkiyə qardaşlığı yönündə uzun illərdir, yorulmadan fəaliyyət göstərirsiz. Sizin hansısa quruma bu barədə sənəd, məlumat verməyiniz lazımdır? Bunu Ankaradakılar görməli və bilməlidirlər ki, Bakıda Tənzilə Rüstəmxanlı var, Aqil Ələsgər var, hansı ki neçə ildir, fədakarlıq göstərirlər. Bunu qiymətləndirməlidirlər. Çünki mərifət iltifata bağlıdır. İnsanın nəyəsə ehtiyacı olmaya bilər, bu, başqa məsələdir. Lakin o işlərin bir mərkəzdən təqdir edilməsi, stimullaşdırılması, həmçinin də düzgün istiqamətləndirilməsi lazımdır.

– Türkiyədə cəmi bir neçə gündən sonra növbədənkənar seçkilər keçiriləcək. Bu seçkilərdən sonra parlamentdə və ya hökumətdə bu dediyiniz məsələlərlə bağlı iş görəcək kadrların olduğunu düşünürsüz?

– Düzünü deyəsi olsam, seçkilər başlayanda AKP-nin namizədlər korpusundan çox ümidliydim, güclü, mükəmməl namizədlər irəli sürülücəyini gözləyirdim. Çünki 16 ilin bir yorğunluğu var…

– Metal yorğunluğu…

– Bəli, hörmətli prezidentimizin də dediyi kimi, bir metal yorğunluğu var. Eyni zamanda, ciddi təxribatların olduğunu  da görürük. Digər tərəfdən isə getdikcə güclənən bir müxalifət mövcuddur. Belə şəraitdə güclənən müxalifətə qarşı üstündən metal yorğunluğunu üzərindən atan daha sabit və yeni adlardan ibarət siyahı gözləyirdim. Ancaq bu məsələdə xəyal qırıqlığı yaşadıq. Mən özüm də namizədliyə namizəd idim. Öz adıma çox da məyus olmadım, çünki siyasi ambisiyalarım yoxdur. Dostlar mənə dedilər ki, namizədliyini versən, yaxşı olar. Türk dünyasını çox yaxşı tanıyırsan, çox faydan dəyə bilər və  sair. Namizədliyimi irəli sürsəm də, adım siyahya salınmadı. Ancaq bu, elə də vacib deyil. Tanıdığımız bəzi şəxslər var. Məsələn, Hülusi Kılıç. Azərbaycanda əfsanəvi səfir olub. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi qalxanda, inanılmaz diplomatik uğura imza ataraq, Türkiyə-Azərbaycan qardaşlığını sanki yenidən təsis etdi.

– Ankaradakı bəzi diplomatlara rəğmən…-

– Elədir, Ankaradakı bəzi diplomatlara rəğmən, yüksək peşəkarlıq göstərən, fitnəkarların öz məqsədlərinə çatmalarına imkan verməyən bir dövlət adamıdır. Kılıçın eyni uğurlu fəaliyyətini Moldovada da gördük. Orada da Qaqauz türkləri ilə bağlı ciddi işlər gördü. Belə bir şəxsiyyət, təcrübəli dövlət adamı, prezidentə də son dərəcə sadiq olan insan namizəd siyahısına salınmadı. Eynilə də Ərdahanda sıfırdan bir universitet quran professor Ramazan Korkmaz namizəd ola bilmədi. Belə nümunələri artıra da bilərik. Təəssüf ki, namizədlər siyahısı bizim üçün qaneedici olmadığından, çox da ümidli deyiləm. Yəni bu namizədlərin seçiləcəyi təqdirdə, Türk dünyası adına sürətli işlərin görüləcəyini düşünmürəm. Başqa partiyaların bu məsələdə nə işlər görə biləcəkləri haqda danışmaq istəmirəm. Ümid edək ki, onlar da bu işlərin əhəmiyyətini başa düşərlər.

Sözümün sonunda mənə bu adın verilməsi və belə möhtəşəm mərasimlərdə iştirakımdan yana minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan bir Türk dövləti olaraq, sonsuza qədər öz mövcudluğunu davam etdirəcək. Eyni zamanda, “Yeni Çağ” Media Qrupuna fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Araz M.

www.yenicag.az

1393
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100