Bir dənəsi 355 manat! Hərracda albalı REKORDU
Yaponiyada ilin ilk “Sato Nishiki” albalı hərracı şok qiymətlə yadda qalıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Tokioda keçirilən kənd təsərrüfatı müzayidəsində mövsümün ilk albalı qutusu rekord məbləğə alıcı tapıb.
Bir qutu albalı təxminən 24 min 500 manata satılıb. Qutudakı meyvələrin sayına görə aparılan hesablamalara əsasən, cəmi bir ədəd albalının qiyməti təxminən 355 manat təşkil edib.
Albalıların bu qədər baha olmasının səbəbi onların mövsümdən çox əvvəl yetişdirilməsidir. Yaponiyada adətən yay aylarında dərilən bu meyvələr fermerlərin tətbiq etdiyi “ultra-forced” (ultra-məcburi yetişdirmə) üsulu ilə yanvar ayında hazır vəziyyətə gətirilib.
Bu texnika zamanı ağaclar əvvəlcə süni şəkildə soyudularaq qış şəraiti yaradılır, daha sonra isə xüsusi qızdırılan istixanalara yerləşdirilir. Beləliklə, bitkinin təbii inkişaf təqvimi süni şəkildə dəyişdirilərək məhsulun bir neçə ay tez yetişməsi təmin olunur.
Qeyd edək ki, Yaponiyada mövsümün ilk kənd təsərrüfatı məhsulları uğur və bərəkət rəmzi sayıldığı üçün hərraclarda ənənəvi olaraq yüksək qiymətə satılır.
Yenicag.az












