Bu həftə də dünyamız dostluq əlaqələrinin qurulması ilə deyil, münasibətlərin kəskinləşməsilə daha çox yadda qaldı. Həftənin ilk günü, yəni 30 noyabrda dünyada ekoloji tarazlığı pozan ölkələrin hökümət və dövlət başçıları, Fransanın paytaxtı Parisdə “Dünyada İqlim dəyişikliyinin qarşısını almaq məqsədilə bir araya gəldilər. Bu görüşdə də keçən həftədən miras qalan Rusiya-Türkiyə münasibətlərindən dolayı və Suriyada müharibənin davam etməsindən dünya ölkələri liderlərinin qarşılıqlı ittihamları ilə keçdi. Gərginləşən münasibətlərin hələ ki, sakitləşməsini istəməyən Rusiya Prezidenti Putin Ərdoğanla görüşdən imtina etdi. Amma bunun müqabilində Ərdoğan görüşdüyü ölkə rəhbərlərindən “Türkiyənin öz sərhədlərini qorumaq haqqıdır”, dəstəyini alaraq dərhal Rusiyanın iqtisadi sanksiyalarını konpensasiya etmək məqsədilə Qatara uçdu. Qatar Ərəb ölkələri arasında hal-hazırda Türkiyəylə isti münasibəti olan ölkələrdən biridir. Həmçinin Qatar Suriyada Əsədə dəstək verilməməsi və dünyada daha çox neft bazarlarının əldə edilməsi səbəbindən Rusiya ilə soyuq münasibətləri var. Qatar öz neftini dünya bazarına yeni alternativ xətlərlə çıxartmaq üçün Suriyada Əsəd hökümətinin yıxılmasına maraqlıdır və bu münasibətində Türkiyəylə fikiri üst-üstə düşür. Qatarla Türkiyə arasında ayrı-ayrılıqda 16 məsələni həll edəcək bir sənəd imzalandı. Bunlardan ən önəmlisi Qatardan maye qazın alışının həcminin artırılması və hər iki ölkə arasında vətəndaşların sərbəst gediş-gəlişini təmin etmək məqsədilə viza rejiminin aradan qaldırılması oldu. Rusiya Prezidenti Putinin Türkiyə, onun Prezidentinin ailəsini İŞİD-ə dəstəkdə və İŞİD-lə ticari əlaqələrdə ittihamına Ərdoğan Qatarda da “Əgər bu sübut edilərsə istefa verərəm, sübut edilməzsə Putin istefa verərmi?” ritorikasını yenidən səsləndirdi.
Həftəmizin bizim üçün önəmli olan hadisələrindən biri də ölkə prezidentinin Belarusiyaya işgüzar səfəri idi. Səfərdə də əsas məqsəd dünyada gərginləşən siyasi və iqtisadi münasibətlərinin əksinə hər iki ölkə arasında münasibətlərin daha da sıxlaşdırılması, iki ölkə arasında qarşılıqlı sərmayənin qoyulması və ticarət dövriyyəsinin artırılması idi.
Azərbaycan prezidentinin Belarusiyaya səfəri ilə eyni vaxtda ölkə hüquq mühafizə orqanları çoxdandır hakimiyyətlə yola getməyən, hakimiyyətin tərzilə desək “ipə-sapa” yatmayan, mütamadi hakimiyyətə və dövlət orqanlarına “nota”lar göndərən, 26 noyabrda hakimiyyət nümayəndələri ilə silah dilində danışan, iki polisi qətlə yetirən Nardaran kəndliləri, əsasən də orda İslam (şiəçilik) adı altında təşkilatlanan, siyasi ambisiyaları olan sakinlərlə haqq-hesabı çürütmək məqsədilə geniş bir əməliyyat keçirdi. Bütün kənd sakinləri əməliyyat tədbirlərindən keçdiyinə görə hüquq mühafizə orqanları tərəfindən silah-sursat aşkar edilməklə yanaşı 32 nəfər təxribat və ixtişaşlara meyilli kənd sakini saxlanıldı. Bu arada da hökümət Nardaranda molla rejimini dövlətə tabe etmək, məktəblilərin dünyəvi yox, fars təhsilinin qarşısını almaq və ümumiyyətlə o kəndin “müstəqilliyini” sona çatdıqmaq üçün dərhal qanuni baza hazırlamaq üçün kifayət qədər qanunlara əlavə və dəyişiklik etmək üçün layihələr hazırlamağa başladı.
Siyasi qələbə əldə etdikdən sonra yenidən Baş nazir seçilmiş Əhməd Davudoğlu Azərbaycana səfərə gəldi. Doğrudur, artıq Türkiyə rəsmilərinin siyasi qələbə əldə etdikdən sonra ölkəmizə səfərləri artıq ənənə halını alıb. Amma bu səfəri maraqlı edən amillərdən biri də səfərin gərginləşən Rusiya-Türkiyə münasibətləri fonunda baş verməsidir. Səfərdə əsas məqsəd Türkiyə tərəfinin Rusiyanın sanksiyalarından ziyansız qurtulmaq üçün alternativ yollar aramaq idi ki, buna da Türkiyə Azərbaycanın verdiyi dəstəklə böyük həcmdə nail oldu. Azərbaycan onsuz da səfərdən öncə Türkiyə yük maşınlarının Orta Asiya istiqamətində getmələri üçün Rusiyanın bağladığı qapını Xəzərdən onlar üçün, yük daşıma qiymətlərinə xüsusi endirim etməklə açmışdı. Həmçinin, səfər Avropanı və əsasən də Türkiyəni şovinist Rusiyanın əlindən qurtarmaq üçün TANAP layihəsinin önəmini bir daha dünyanın diqqətinə çatdırdı və tərəflər inşaası gedən layihənin 2018-ci ildən də tez istifadəyə veriləcəyinin ismarcların verdilər. “Cəhənnəmə gedən özünə yoldaş axtarır” vəziyyətində olan Rusiyanın basqılarından çəkinmədən Azərbaycan Prezidenti “Biz hər zaman Türkiyənin yanındayıq və hər zaman Türkiyəyə dəstək duracağıq!” ifadəsindən sonra, Türklər demiş “tam not” aldı. Ə. Davudoğlu “Can Azərbaycan”, deyərək, xarici ölkənin bayrağını öpən ilk dövlət başçısı oldu. Azərbaycanın üç rəngli bayrağını öpüb, başqa bir Türk yurdu olan Türkmənistana “Türkün Türkdən başqa dostu yoxdur!” deyiminin işdə sübutunu göstərməklə ölkəmizdən ayrıldı.
Bu arada bir haşiyəyə çıxaraq bildirmək istəyirəm ki, Azərbaycan bəzi qonşularında zaman-zaman udar alsada özü hər dəfə arxa durub. Bunu İran Qərbin blakadasına məruz qalanda da, Gürcüstan Rusiyanın sanksiyalarına tuş gələndə də, Rusiya özü də Qərbin təcridinə uğrayanda da çəkinmədən nümayiş etdirib.
Rusiya prezidenti Putinin “Türkiyə İŞİD-ə dəstək verir və İŞİD-lə ticari əlaqələr qurur” iddiasını sübut etmək üçün Rusiya rəsmiləri can-fəşanlığını bir az da artıraraq Rusiya Müdafiə Nazirliyi xarici və ölkə mediasını yığaraq səmadan çəkilmiş, Türkiyənin İŞİD-dən neft aldığını göstərən rəsmləri dünyaya çatdırmaq istədi. Amma çox keçmədən Türkiyə, onun əsas NATO-da həmkarı olan ABŞ və İraq Kürd höküməti tərəfindən yalanladı. Hətta Bakıda səfərdə olan zaman Ə. Davutoğlu bu xəbərləri “sovyetik pravda xəbərləri” olaraq adlandırdı və çox təəssüflər olsun ki, Rusiya yenə Sovetlər birliyi kimi yalanlarla siyasət apardığını bildirdi. Belqradda ATƏT-in Xarici İşlər nazirlərinin görüşündə bir araya gələn Rusiya Xarici işlər naziri Lavrovla Türkiyə Xarici işlər naziri Çavuşoğlununda fikir mübadiləsindən hər iki ölkənin az qala müharibəyə aparan münasibətlərini yaxşılaşdıracaq bir nəticə alınmadı. Beləliklə “məğlubedilməz” obrazı yerlə bir olan Rusiya Prezidenti Putin “Türkiyə “pomidor sanksiyaları” ilə canını qurtara bilməyəcək, Türkiyəni peşman edəcəyik” fikiri ilə bu münasibətə öz “töhvəsini” bir daha verdi. Əlbəttə bu “töhvə”də öz bəhrəsini verərək bu gərginlik Türkiyənin istədiyi və buna çalışdığı kimi artıq NATO-Rusiya gərginliyinə çevrilməyə başladı. NATO öz mütəfiqini müdafiə etmək üçün Türkiyəni və regionda yerləşən hərbi bazalarını əlavə silahla təmin etməklə yanaşı Qara və Aralıq dənizlərinə öz hərbi eskadalarını çıxartmağa başladı.
Həftə sonu bizim üçün çox bəd xəbərlə – Neft daşlarında təbii fəlakət nəticəsində neftçilərimizin tələfatı ilə nəticələnən hadisə ilə yekunlaşır. Neft bizim üçün güc-qüdrət, inkişaf mənbəyidirsə, neftçilərimizdə yaşam mənbəyimizdir. Dünya siyasətinin neftin başında dolanması zamanı neftçilərimizin təbii fəlakətdənmi, təxribatdanmı başlarına hər hansı bir hadisənin gəlməsi əlbəttə çox üzücüdür.
Bu həftəmizdə dünyada əsasəndə bizim üçün təsirli olan belə hadisələrlə yadda qaldı. Arzu edirəm ki önümüzə gələn həftəni elə yaşayaq ki, keçən həftə üçün “Ötən günə gün çatarmı, calasaq da günü-günə”, deməyək.
Yalçın Hacızadə
hüquqşünas, politoloq
www.yenicag.az