Xameneidən Trampa mesaj var - ABŞ-nin yeni İran siyasətinə Rəsmi Tehranın münasibəti 

media-hightechnic-468x90

İranın ali dini lideri Əli Xamenei televiziyada yayımlanan çıxışında daxili parçalanma barədə xəbərdarlıq edib, iranlıları “düşmənlərə qarşı birlikdə mübarizəyə” çağırıb. O bildirib ki, ABŞ və İsrail iyun ayında baş vermiş 12 günlük müharibənin hədəflərinə çatmaqda “uğursuz olublar”.

Yenicag.az xəbər verir ki, Xameneinin (86 yaş) müharibədən sonra ictimai çıxışları minimuma enib.

İsrailli rəsmilərin onu hədəf almaqla bağlı təhdidlərindən sonra bu azalma daha da nəzərə çarpıb və İran mediasında 1989-cu ildə ölkənin birinci rəhbəri (Xomeyni) vəfat etdikdən sonra ali rəhbər vəzifəsini qəbul edən Xameneiyə mümkün xəlifə axtarışı ilə bağlı ehtimallar da güclənib.

Xamenei iranlılara beş ay əvvəl başlanan müharibədən sonra üçüncü dəfə televiziya vasitəsilə müraciət edərək İran “ABŞ və İsrailin məqsədlərini puça çıxarıb” və hər iki tərəfin “əliboş geri döndüyünü, heç bir hədəflərinə nail ola bilmədiklərini” söyləyib.

Xamenei müharibə ilə bağlı şərhində deyib ki, “düşmənin itkiləri İranın itkilərindən qat-qat çox olub”, baxmayaraq ki, Təl-Əviv “ən müasir hücum və müdafiə silahlarından, sualtı qayıqlardan, qırıcı təyyarələrdən və qabaqcıl müdafiə sistemlərindən istifadə edib”, lakin buna rəğmən, “istədiklərinə nail ola bilməyiblər”.

“Onlar İran xalqını aldatmaq və onu öz ardınca aparmaq istəyirdilər, amma nəticə tam tərsinə oldu… İran xalqı Amerikaya qarşı daha da birləşdi və rəqibin planlarını, həqiqətən də, boşa çıxardı”, – o əlavə edib.

Xamenei sonda belə deyib:

“Gəlib cinayət törətmək istədilər, amma zərbələr alıb əliboş geri döndülər… Məğlubiyyətin həqiqi mənası budur”.

Xamenei müharibənin nəticələrini “onilliklərdir davam edən planların uğursuzluğu” ilə əlaqələndirib. O, İran daxilini hədəfləyən qarşıdurma yaratmaq üçün İsrailin 20 il boyunca hazırlıq apardığına dair məlumatlara işarə edib və əlavə edib ki, savaş, əksinə, ölkə daxilində birləşməyə səbəb oldu, hətta sistemlə fikir ayrılığı olan tərəflər arasında belə”. O, ölkədə ümumi bir birlik formalaşdığını, bunun qiymətləndirilib qorunmalı olduğunu bildirib.

O, İranın insan tələfatı verdiyini də qeyd edib:

“Bu, müharibənin təbiətidir, döyüşürlər və öldürülürlər, lakin İslam Respublikası iradə və güc mərkəzi olduğunu sübut etdi: qərar verə bilir və qorxmadan möhkəm dayanır”.

Xamenei ABŞ-yə dolayı yolla mesajlar göndərildiyi barədə mediada yayılan xəbərlərə cavab verərək onları “tam yalan” adlandırıb və Vaşinqtonu “hətta öz müttəfiqlərinə xəyanət etməkdə” və “dünyanın müxtəlif yerlərində müharibələr alovlandırmaqda” ittiham edib.

ABŞ Prezidenti Donald Trampın administrasiyasına işarə edərək Xamenei deyib:

“Belə bir hökumətə sistemin yaxınlaşmağa və ya onunla əməkdaşlıq etməyə çalışmaq bizə əsla yaraşmaz”.

ABŞ-ni Qəzza, Livan və Suriyada baş verənlərdə “əsas tərəfdaş” olmaqda ittiham edən Xamenei bildirib ki, Vaşinqtonun beynəlxalq nüfuzu “İsrail əməliyyatlarına verdiyi dəstək səbəbilə zəifləyir”.

Xameneinin çıxışındakı maraqlı məqam ali dini liderin ilk dəfə  ölkədəki siyasi parçalanmaları etiraf edərək onların qarşısının alınmasının vacibliyini vurğulaması oldu. Onun sözlərinə görə, “axınlar və müxtəlif qruplar arasında fikir ayrılıqları mümkündür, lakin əsas məsələ budur ki, hamı düşmənə qarşı birlikdə dayansın”. O, iranlıları son müharibə zamanı yaşandığını söylədiyi “milli səfərbərliyi” təkrarlamağa çağırıb.

O həm vətəndaşları, həm də siyasi qüvvələri “milli birliyi möhkəmləndirməyə” dəvət edib və bunun “ölkənin gücündə və təhdidlərə qarşı dayanma qabiliyyətində həlledici amil” olduğunu qeyd edib.

Xamenei bir sıra tövsiyələr də verib. Onların başında hökumətə və prezidentə dəstək dayanır. O vurğulayıb ki, dövlət işlərini idarə etmək “çətin və ağır bir vəzifədir” və hökumətin “önəmli layihələrə başladığını, bunlara keçmiş prezident İbrahim Rəisinin proqramlarının tamamlanmasının da daxil olduğunu” bildirib.

O, iranlıları su, çörək, qaz, benzin və ərzaqda israfı azaltmağa çağırıb və bunu “ailələr və milli iqtisadiyyat üçün ən böyük risklərdən biri” hesab etdiyini bildirib.

Xamenei çıxışının geniş bir hissəsini “Sepah”ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) təbliğat və kütləvi mobilizasiya qolu olan “Bəsic” milis dəstəsinin fəaliyyətinə həsr edib. O, “Bəsic”i “milli sərvət və kütləvi xalq hərəkatı” adlandırıb və onun hərbi, iqtisadi və texnoloji təhlükələrə qarşı mübarizədə “mərkəzi rol” oynadığını bildirib. O deyib ki, “Bəsic”in fəaliyyəti hərbi sahədən tutmuş, elmi, sənaye, tibbi və tələbə sahələrinə qədər uzanır və son müharibə zamanı “düşmən planlarının boşa çıxmasına” mühüm töhfə verib.

Xamenei “Bəsic”in canlılığının artırılmasına” çağırıb və deyib ki, “İranda doğan müqavimət hərəkatı bu gün Qərb ölkələrinin, hətta ABŞ-nin küçələrində belə görünməkdədir”.

Onu da qeyd edək ki, bu həftənin əvvəlində, İranın kəşfiyyat naziri İsmail Xətib “düşmənlərin ali dini lider Əli Xameneini hədəf almaq cəhdləri” barədə xəbərdarlıq edib. O, düşmənin “onu sui-qəsd və ya mediada aparılan kampaniyalar vasitəsilə hədəf almağa çalışdığını və bunun rəqiblərin planlarının əsasını təşkil etdiyini” qeyd edib.

İran mediası Xətibin təhlükəsizlik rəsmiləri ilə görüşündən sitat gətirərək yazıb ki, nazir ABŞ-nin İranla bağlı yeni yanaşma qəbul etdiyini açıqlayıb və qeyd edib ki, Vaşinqton “devrilmə və parçalanma” strategiyasından “artmaqda olan təzyiq yolu ilə nəzarət” siyasətinə keçib.

Xətib bəyan etdi ki, İranın ABŞ-ni bu strategiyanı dəyişməyə məcbur etməsi “qlobal təsiri olan strateji bir qələbədir”. O izah edib ki, ABŞ-nin diqqəti “İranın daxili mühitinə yönəlib, çünki xaricdən dəstəklədiyi şəbəkələr cəmiyyətdə heç bir nüfuz və ya qəbul əldə edə bilməyiblər”. O, təhlükəsizlik qurumlarının daim ayıq-sayıq qalmasının vacibliyini vurğulayıb.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa