Bir milyonluq etiraz da Netanyahunun qərarını DƏYİŞMƏDİ: İsrailin planları necə SUYA DÜŞDÜ?
“İsrail HƏMAS-ı tamamilə məhv edənə qədər hərbi əməliyyatları davam etdirəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O, İsrailin Yəmənin paytaxtı Səna şəhərini bombalamasını, eləcə də rəsmi Təl-Əvivin həyata keçirdiyi əməliyyatların məqsədini şərh edib.
E. Mirbəşiroğlunun fikrincə, İsrailin Baş naziri və hərbi rəhbərliyi bölgədə yeni müharibə dalğasını başladaraq HƏMAS-ın tamamilə məhv ediləcəyini bildiriblər:
“Həm də açıq şəkildə nümayiş etdirirlər ki, onlar Qəzza şəhərini tamamilə nəzarətə götürmək niyyətindədirlər. Xatırladım ki, 2023-cü ilin oktyabrın ilk ongünlüyündə HƏMAS zərbələrinə cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza bölgəsində geniş hərbi əməliyyatlara başladılar. Bu isə dünyada birmənalı qarşılanmadı. Orada humanitar fəlakət vəziyyətinin yaranması, humanitar yardım imkanlarının məhdudlaşdırılması dünyanın bir sıra ölkələrində narazılıqla qarşılandı, amma buna baxmayaraq, İsrail Qəzza bölgəsində əməliyyatlarını həm zaman-zaman intensiv, həm də dövrü olaraq davam etdirməyə başladı. HƏMAS isə sistemli olmasa da, müəyyən hücumlar təşkil edir”.
Politoloq bu prosesin nə vaxta qədər davam edəcəyi ilə bağlı suala isə belə cavab verib:
“Belə görünür ki, İsrail bu əməliyyatları təşkilatı tam məhv edənə kimi davam etdirmək niyyətindədir. Bu fikri həm siyasi rəhbərlik, həm də hərbi rəhbərlik dəfələrlə səsləndirib. Bu gün, demək olar ki, HƏMAS əvvəlki kimi təşkilatlanmış struktura malik deyil. Bu zərbələrdən sonra çox xaotik bir vəziyyətə gəlib. Zərbələrdən sonra bir təşkilat kimi funksionallığını, demək olar ki, itirib. Hazırda sadəcə olaraq partizan hərəkatını xatırladırlar. Bu baxımdan, hesab edirəm ki, İsrailin üstünlüyü şəraitində bu müharibə davam edəcək”.
Müsahibimiz İsrailin bu hücumuna Yəmənin verəcəyi reaksiyaya isə belə cavab verib:
“Yəmən də, əsasən, İsrailin hücumlarına reaksiyasını HƏMAS vasitəsilə həyata keçirirdi. Yəmənin də güclü reaksiya nümayiş etdirmək imkanının olmadığını düşünürəm. Digər tərəfdən, İsrailin özünün daxilində də etirazlar baş verir, amma bunun ümumi hərbi əməliyyatların gedişinə təsir göstərəcəyini düşünmürəm. Ötən həftənin sonunda təxminən 1 milyon insanın iştirak etdiyi etiraz aksiyası baş verdi. Onlar girovların azad olunmasını irəli sürürlər. Əslində isə müharibənin dayandırılmasını istəyirlər, amma bu istəyi onunla əsaslandırırlar ki, girovlar sağ qalsın və israillilər arasında itkilər olmasın. Bu istəkləri isə çəkinərək bunu edirlər. Çünki bu aksiya Qəzza bölgəsindəki insanların həyatını itirməsi vəziyyəti ilə bağlı etiraz aksiyası deyildi.”
İsrailin daxilində baş verən etirazlardan söhbət açan həmsöhbətimiz bu etirazların təsir gücünü reallıqla müqayisə edib:
“Bu baxımdan, hesab edirəm ki, bu da hökumətin mövqeyinə ciddi təsir göstərməyəcək. Qeyd edim ki, hazırda HƏMAS-ın əlində təxminən 50 nəfər israilli girovun olduğu qeyd edilir. Amma bu girovlardan neçəsinin həyatda olduğu, neçəsinin isə öldürüldüyü haqqında dəqiq məlumatlar yoxdur. Bütün hallarda, onların sağ olması ilə bağlı ümidləri olduğu üçün israillilər hökumətə etiraz etmək qərarına gəliblər. 2023-cü ilin oktyabrından bu yana İsrailin hərbi və siyasi rəhbərliyi genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirsə də, sistemli zərbələr endirsə də, HƏMAS-ı tam sıradan çıxara bilməyiblər. Doğrudur, bu hücumlarla təşkilatı olduqca zəiflətsələr də, sadəcə parçalaya biliblər. Görünən reallıq ondan ibarətdir ki, HƏMAS ara-sıra cavab zərbələri vuraraq İsrailə müqavimət göstərməyə çalışır. Bu, olduqca zəif və xaotik müqavimətdir və ümumilikdə vəziyyəti dəyişmir. Həm beynəlxalq ictimaiyyətin etirazlarına, həm israillilərin etirazına baxmayaraq, İsrail hökuməti bu əməliyyatları davam etdirəcək”.
Fransa, Böyük Britaniya və Kanadanın Fələstini tanımaq istəməsini şərh edən analitik buna İsrailin baş naziri Benyamin Netanyahunun sərt reaksiyası ilə qarşılıq verməsini xatırladıb:
“Xatırladım ki, Fransa, Böyük Britaniya və Kanada Fələstin dövlətini tanıyacaqlarını bildirdilər. Qəzza bölgəsində humanitar vəziyyət pis olaraq qalmaqda davam edərsə, Fələstin dövlətini tanıyacaqlarını bildirdilər. Buna da Netanyahu sərt reaksiya nümayiş etdirdi və bunu HƏMAS-ı dəstəkləmək kimi qəbul etdiyini bildirdi. Bütün hallarda, görünən reallıq ondan ibarətdir ki, BMT tərəfindən qəbul olunmuş iki dövlət prinsipi dildə səsləndirilsə də, praktikada bununla bağlı hər hansı nəticə əldə olunması istiqamətində qəti addımlar atmaq istəyən dövlət mövcud deyil. Sadəcə olaraq ritorik mövqe bildirilir, amma bölgədə vəziyyət ağır olaraq qalmaqdadır”.
Nurlan Cəfəri