Bir yarımkürənin iki üzü: Latın Amerikası Tramp imtahanından keçə biləcək?

media-hightechnic-468x90

ABŞ-nin Latın Amerikası ilə münasibəti illərdir, davam edən, qırılıb tam sağalmayan, amma heç vaxt da tam bitməyən bir siyasi hekayəni xatırladır.

Bir tərəfdə özünü qlobal nizamın memarı kimi görən Vaşinqton, digər tərəfdə isə çevrilişlər, borc tələləri, iqtisadi asılılıq və ideoloji müdaxilələr yaşamış Latın Amerikası ölkələri dayanır. Bu regionda bir çox insanlar üçün “ABŞ siyasəti” sadəcə diplomatik bəyanatlar və iqtisadi paketlərdən ibarət deyil, həm də yaddaşlarda qalan hərbi xuntalar, gizli əməliyyatlar və sosial bərabərsizliyi dərinləşdirən neoliberal islahatlarla assosiasiya olunur.  lokman biter

Analitik Lokman Biter Yenicag.az-a açıqlamasında Tramp dövründə bu mürəkkəb münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyduğunu vurğulayır.

Onun fikrincə, Trampın Latın Amerikası siyasətini anlamaq üçün əvvəlcə Vaşinqtonun bu regiona dair tarixi yanaşmasını xatırlamaq vacibdir. XX əsrin böyük bir hissəsində ABŞ Latın Amerikanı “öz bağçası” kimi qəbul edib və burada baş verən siyasi proseslərə müdaxilə etməyi həm təhlükəsizlik, həm də ideoloji zərurət kimi əsaslandırıb. “Soyuq müharibə” dövründə sol hökumətlərə qarşı sərt mövqe, sağ avtoritar rejimlərə dəstək, “kommunizmə qarşı mübarizə” adı ilə həyata keçirilən əməliyyatlar, Biterin vurğuladığı kimi, bu gün də region cəmiyyətlərinin kollektiv yaddaşında diri qalan travmatik təcrübələrdir.

Lokman Biter bildirib ki, “Soyuq müharibə”nin bitməsindən sonra ABŞ diqqətini tədricən Yaxın Şərq münaqişələrinə, Əfqanıstan və İraq müharibələrinə, eləcə də Asiyada yüksələn Çin faktoruna yönəldib. Bu proses Latın Amerikasını Vaşinqtonun prioritetlər siyahısında arxa plana keçirirmiş kimi görünsə də, əslində, ABŞ regiondakı təsir alətlərini tam şəkildə heç vaxt buraxmayıb, sadəcə açıq hərbi müdaxilə və sərt ritorika müəyyən dərəcədə yumşaldı, mexanizmlər daha çox iqtisadi, maliyyə və diplomatik kanallara ötürülüb. Lakin Tramp administrasiyası ilə birlikdə bu nisbətən dolaylı yanaşmanın yerini daha sərt, bəzən isə açıq qarşıdurmaçı xətt almağa başlayıb.

Biterin sözlərinə görə, Trampın Latın Amerikası siyasətinin mərkəzində üç əsas motiv dayanır: təhlükəsizlik, miqrasiya və ideoloji rəqabət. ABŞ-Meksika sərhədində divar məsələsini simvolik başlıq kimi qiymətləndirən analitik qeyd edib ki, bu, sadəcə daxili siyasətə hesablanmış populist şüar deyildi. Sərhədin hərbiləşdirilməsi, mərkəzi amerikalı miqrant karvanlarına qarşı sərt münasibət, sığınacaq qaydalarının kəskin şəkildə məhdudlaşdırılması Vaşinqtonun Latın Amerikasına yalnız iqtisadi tərəfdaş kimi deyil, həm də “təhlükə mənbəyi” kimi baxdığını göstərir. Bu, region xalqlarında onsuz da mövcud olan “yadlaşdırılma” və etimadsızlıq hissini daha da gücləndirib.

Digər tərəfdən, Lokman Biter Tramp dövründə Venesuela, Kuba və qismən də Nikaraqua kimi ölkələrə münasibətdə sərtləşən kursa diqqət çəkib. Onun təhlilinə görə, sanksiyaların genişləndirilməsi, “rejim dəyişikliyi” ritorikasının açıq şəkildə dilləndirilməsi, müxalifət qruplarına verilən siyasi dəstəyin ön plana çıxarılması, klassik “Soyuq müharibə” reflekslərini xatırladan mühit formalaşdırıb. Bu xətt həm regionda sol hökumətlərə qarşı ciddi təzyiq yaradıb, həm də Latın Amerikasını yenidən böyük güclər arasındakı ideoloji rəqabətin arenasına çevirib. Biter hesab edir ki, bu siyasət qısa müddətdə Vaşinqtonun müəyyən taktiki hədəflərinə xidmət etsə də, uzun vədədə ABŞ-nin regiondakı etibarını daha da zəiflədib və Rusiyanın, Çinin, eləcə də İranın təsir imkanlarını genişləndirib.

Trampın ikinci müddətinin ikinci ilindən etibarən müşahidə olunan əsas dəyişiklik, Biterə görə, Vaşinqtonun strateji diqqətini tədricən yenidən Qərb yarımkürəsinə qaytarmaq cəhdidir. Yəni ABŞ yalnız Yaxın Şərq və Asiya cəbhələrində deyil, eyni zamanda, öz “qonşuluq məkanı”nda da nüfuz savaşı apardığını daha açıq şəkildə dərk etməyə başlayıb. Burada enerji resurslarına çıxış, tədarük zəncirlərinin təhlükəsizliyi, narkotrafik və təşkilatlanmış cinayətkarlıqla mübarizə, həmçinin Çinin regiondakı infrastruktur və texnologiya yatırımlarının məhdudlaşdırılması prioritet kimi önə çəkilib.

Lokman Biter qeyd edib ki, bu yeni mərhələdə ABŞ-nin Latın Amerikası siyasəti bir növ “köhnə doktrinaların sərtləşdirilmiş versiyası” kimi oxunur. Yəni yanaşma formasında müəyyən yeniliklər olsa da, mahiyyət etibarilə Vaşinqton yenə də regionu öz təhlükəsizlik və iqtisadi strategiyasının tərkib hissəsi kimi görür, həqiqi bərabər tərəfdaşlıq platforması hələ də tam formalaşmır. Tramp administrasiyasının ritorikasında tez-tez görünən “biz ödəyirik, onlar faydalanır”, “onlar bizim qaydalarımıza əməl etməlidir” kimi mesajlar Latın Amerikasına da aydın şəkildə proyeksiya olunur. Bu da regional elitalar daxilində belə ABŞ-yə qarşı şübhəni artırır, cəmiyyətlərdə anti‑Amerika ovqatını qidalandırır.

Biterin analitik yanaşmasına görə, bu siyasətin ən kritik nəticələrindən biri Latın Amerikasında geosiyasi parçalanmanın dərinləşməsidir. Bir tərəfdə Vaşinqtona yaxınlaşan, təhlükəsizlik əməkdaşlığını və ticarəti önə çəkən hökumətlər, digər tərəfdə isə ABŞ-nin təzyiq və sanksiyalarına qarşı özünümüdafiə mövqeyi tutan, alternativ tərəfdaş axtaran hökumətlər durur. Bu ikiləşmə həm regional birlik təşəbbüslərini zəiflədir, həm də qitəni xarici güclərin rəqabət meydanına çevirir.

Lokman Biter vurğulayıb ki, Tramp dövründə formalaşan bu sərt və ziddiyyətli xətt yalnız bir administrasiyanın siyasəti kimi oxunmamalıdır. ABŞ-də daxili siyasi konsensus, təhlükəsizlik elitalarının baxışları və qlobal nizamda gedən struktur dəyişiklikləri Vaşinqtonun Latın Amerikasına münasibətini uzun müddət müəyyən edəcək. Onun fikrincə, əgər ABŞ bu regionla münasibətlərdə tarixi səhvlərini etiraf edib həqiqi bərabərhüquqlu əməkdaşlıq modelinə keçməzsə, istənilən sərt doktrina qısamüddətli təsir göstərsə də, uzunmüddətli sabitlik və etibar yaratmaq gücündə olmayacaq. Bu mənada, Trampın Latın Amerikası siyasəti həm köhnə paradoksların davamı, həm də yeni gərginliklərin başlanğıcı kimi yadda qalacaq.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa