“Biz çoxdan yapışmasaq, azı da əldə edə bilməyəcəyik” – Regionda kartlar yenidən PAYLANILIR
“Gələcəkdə Azərbaycan və Gürcüstan bu regionda ola bilər, ancaq ermənilər Azərbaycanın tərkibində bir muxtar vilayət kimi ola bilər”.
Bu sözləri Ermənistanın Azərbaycanı yaşayış məntəqələrini atəşə tutmaqda ittiham etməsi və Avropa missiyasının tərəf tutmasını Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.
E. Musayev bildirib ki, Avropa İttifaqı tərəfindən Ermənistana göndərilən mülki missiya casusluqla məşğuldur:
“Avropa İttifaqı o missiyanı Ermənistana dəstək vermək üçün oraya göndərib. Onlar öz ölkələrini qoruya, Rusiyanın qorxusundan nə edəcəklərini bilmirlər. Fransa, Almaniya xaric digərlərinin ordularının sayı və gücü azdır, onlar heç özlərini müdafiə edə biləcək qabiliyyətdə deyillər. Baxmayaraq ki, Avropada 10 ölkəni Rusiyanın enerji asılılığından azad etmişik, ancaq xristian təəssübkeşliyi var, açıq-aşkar Ermənistana dəstək verirlər”.
Ermənistanın atəşkəsi pozmaqdakı məqsədinə gəldikdə isə, millət vəkili bunları söyləyib:
“Ermənistan gündəmi dəyişmək istəyir. Atəşkəsin pozulmasını, yaşayış məntəqələrinin atəşə tutulmasını tirajlayaraq Qərbdən dəstək istəyir. Ermənistan bunları etmək yerinə işğal altında saxladığı torpaqları geri qaytarmalı, götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan bunları yerinə yetirməmək üçün süni gündəm yaradır. Onların mətbuatında da qondarma “Artsax” xəyalı, geri qayıtma kimi məsələlərdən yazırlar. Bizdə bəziləri də bu tələyə düşür. Hamı birdəfəlik bilməlidir ki, Ermənistan Azərbaycan ərazisində zorla yaradılıb. Bizim də borcumuzdur ki, işğal altında olan bütün torpaqlarımızı geri qaytaraq. Biz çoxdan yapışmasaq, azı da əldə edə bilməyəcəyik”.
BAP sədri əlavə edib ki, Azərbaycan bölgədə gedən bütün prosesləri incələməlidir:
“Azərbaycan lazımı anda Zəngəzur dəhlizinin açılması üçün əməli addımlar atmalıdır. Biz ermənilərlə söz güləşinə, söz duelinə çıxsaq, itirəcəyik. Hesab edirəm ki, lazımı gələndə əməli addımlar atılmalıdır. Ermənilər bu bölgəyə köçəndən burada rahatlıq olmayıb. Gələcəkdə Azərbaycan və Gürcüstan bu regionda ola bilər, ancaq ermənilər Azərbaycanın tərkibində bir muxtar vilayət kimi ola bilər. Strateji baxımdan düz düşünməliyik. Bu bölgədə bizim içməli su ehtiyatımız 10 faizdir. Ermənistanda 22, gürcülərinki isə 68 faizdir. Bir müddət sonra içməli su üstündə müharibə gedəcək. Dünya bölünür və yeni nizama qurulur. Artıq beynəlxalq hüquq yoxdur, güc var. Azərbaycan daha ötkəm, daha sərt olmalıdır. Biz bir az yumşaq olsaydıq, ərazilərimzi belə işğaldan azad edə bilməzdik”.
Səxavət Məmməd