“Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” – Ramiz Mehdiyev partiya sədrini necə tənbeh etdirib?
“Mən Cəmil Həsənlinin üstünə “butulka” atanda Mehdiyevin tapşırığı ilə məni Prezident Aparatına çağırıb tənbeh etdilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Hafiz Hacıyev son günlər ölkədə baş verən siyasi prosesləri şərh edib:

“Bu gün artıq Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhdi ilə bağlı çox ciddi proseslər başlayıb, istintaq sürətlənib, ciddi işlər gedir. İstər müxalifət, istər iqtidar daxilində, istərsə də Mehdiyevin ətrafında olan insanlarla tam ciddi şəkildə iş aparılır. Düşünürəm ki, çox ciddi məsələlər ortaya çıxacaq. Bu, düşünürəm ki, bugünün məsələsi deyil. 15 il öncə mənim bir sıra qəzetlərdə səhifəlik müsahibəmdə hazırkı vəziyyəti açıb qoymuşdum ortaya. O cümlədən də “Milyarderlər İttifaqı”nın yaranmasında kimlərin iştirakı, kimlərin hansı xətti tutması, kimlərin hansı tapşırığı nə vaxt yerinə yetirməsi barədə də fikirlərimi dəfələrlə bildirmişəm. Bu gün Əli Kərimlinin saxlanılması, Cəmil Həsənlinin xaricə qaçmasının qarşısının alınması və istintaqda ifadə verməsi, eləcə də digərlərinin istintaqa cəlb edilməsi bir daha onu göstərir ki, neçə illər öncə dediklərim bizim hörmətli media nümayəndələrinin və siyasətçilərin məni qeyri-ciddi adlandırmasına baxmayaraq, bu gün hamısı öz təsdiqini tapır. Bu məsələ çox köklü məsələdir, Azərbaycanın müstəqilliyini yaşaması məsələsidir. Müstəqil dövlətimizin qazandığı qələbələrin, o cümlədən Cənab Prezidentimizin Qarabağı işğaldan azad etdikdən sonra üzərimizə daha böyük qüvvələrin gəlməsi bir daha onu göstərir ki, bizə nə olsa, öz daxilimizdən olacaq. Bu araşdırılmalı və ciddi tədbir görülməlidir”.
Partiya sədri Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya edilməsi haqqında da öz fikirlərini bildirib:
“Gültəkin Hacıbəylinin yayılan videolarında Mehdiyevə olan simpatiyası, Goranboy rayonunda başqalarının mülklərini Mehdiyev tərəfindən alınıb Hacıbəyliyə verilməsi əsas verir ki, həqiqətən də onlar həmişə bir olublar. G. Hacıbəyli Türkiyəyə qaçıb getmişdi, baxmayaraq ki, bunu inkar edirdi. Onu artıq bu gün səhər Azərbaycana ekstradisiya edildiyi haqqında məlumat var. Təhlükəsizlik orqanları əminəm onu gül-çiçəklə qarşılayıb aparıblar dindirməyə. Bundan sonra aqibəti nə olacaq, onu zaman göstərəcək. Çox ciddi adamlar var, ciddi fiqurlar var. Bunlar araşdırılmalıdır. Mehdiyevin yanında ondan xəbərsiz çörək yeməyən insanlar bu gün hakimiyyətin müəyyən qollarında təmsil olunurlar. Düşünürəm ki, iqtidarda olan, çörək qədri bilməyən, adını ana müxalifət qoyanların birgə işbirliyi üzə çıxmalıdır. Mən deyirdim ki, Mehdiyev Novxanı bağlarında dövlət çevrilişinə hazırlıq görür, ora gedənlər əlil maşınlarında gedirlər ki, kimlikləri bilinməsin. Orada oturub nərd oynayanlar niyə həbs edilməməlidir? Bunların qolları çox dərinə işləyir və böyük qüvvələrlə əlbirdirlər. Onların bəzilərinin İranla böyük əlaqələri var, bunlar da araşdırılmalıdır”.
H. Hacıyev iddia edir ki, prezidentliyə namizədlik verdiyi dönəmdə teledebatda Cəmil Həsənlini vurduğu üçün Ramiz Mehdiyev adamları vasitəsilə onu bərk tənbeh etdirib:
“Azərbaycan dövlətini ona görə qurmamışıq ki, 5-6 siyasi dələduz dövləti çevirsinlər. Biz bir dəfə bunu gördük, Elçibəyi yıxanlar bu gün də bülbül kimi ötürlər. “Milli Şura” adlanan o “juliklər şurası”nın dövlət çevrilişinə cəhdi üzə çıxmalıdır. Yoxlanılmalıdır, onlar nə istəyirdilər, kimi gətirmək istəyirdilər? Həsənov Cəmil prezidentliyə namizəd olduğu vaxt teledebatda onun başına butulkanı boşuna çırpmadım. Həmin ərəfədə hakimiyyətin daxilindən mənə çox sayda basqılar oldu. Cəmili vurandan sonra mənə edilən basqılar Mehdiyevin dəstəsindən, hətta özündən gəlirdi. Məni o vaxt neçə dəfə təzyiq üçün Aparata dəvət etmişdilər”.
Hacıyev qeyd edib ki, “Aparatda mənə deyirdilər ki, sən Əli Kərimlidən nə istəyirsən? Sual ortaya çıxır, mənə o sualı verənlər bu gün niyə çöldədirlər? Bunlar faktlardır. Bu faktların da arxasında çox ciddi arqumentlər dayanır. Hər halda düşünürəm ki, vaxtında biz dövlət çevrilişi xəbərdarlığı edəndə Mehdiyev deyirdi ki, əşi Hafizdir də deyir, yəqin ona vəzifə verməmişik deyə belə düşünür. Qətiyyən! Mən gözümü açandan vəzifədə işləmişəm, 4 dəfə prezidentliyə namizəd olmuşam. İşlədiyim vəzifələrdə xalqıma, dövlətimə xeyir vermişəm. Ramiz Mehdiyev sadəcə imkan vermədi ki Prezidentimizə istər iqtisadi sahədə, istər aqrar və digər sahələrdə çiynimizi verib ona kömək edək. Bütün bunlar da ondan əmələ gəlirdi ki, Mehdiyev həmişə ölkədə narazılıq yaradılmasına çalışırdı. Kərimli, Həsənli, Hacıbəyli vasitəsilə ölkədə xalqı narazı salmağa çalışdılar və qismən nail oldular. Bu gün onun qoyduğu kadrlar hakimiyyətdə hələ də ən böyük vəzifələrdədir, maskalanıb çalışırlar. 5-6 kilo Mehdiyevə qızıl verib vəzifəyə gələn adamlar xalqı incidirlər. Düşünürəm ki, istintaq orqanları, Dövlət Təhlükəsizlik Xidməti və başda Əli Nağıyev sinəsini qabağa verib Azərbaycan dövlətini bu şər qüvvələrdən təmizləyir. Hər halda ona da böyük basqılar var, çünki bu, çox ciddi məsələdir və ciddi məsələlər də ciddi araşdırılmalıdır”.
Nurlan Cəfəri












