Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Xankəndində keçirtməyə hazırlaşdığı tədbirin qanunsuz olduğunu bildirir.
Yenicag.Az xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata görə, İrəvan bu il sentyabrın 14-17-də Xankəndində Beynəlxalq Gənclər Konfransının keçirilməsi üzrə hazırlıqlara başlayıb.
Bu barədə Yenicag.Az-a açıqlama verən XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Ermənistanın Xankəndində keçirtməyə hazırlaşdığı tədbir rəsmi İrəvanın növbəti təxribatıdır:
“Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar mövqeyini bəyan edib və nəzərdə tutulan tədbirin mümkün iştirakçılarına xəbərdarlıq olunub. Bu fakt bir daha göstərir ki, danışıqlar prosesində destruktiv mövqe tutan Ermənistan öz təxribatlarını davam etdirməkdədir.
İndidən hazırlıq prosesləri başlayan tədbirin iştirakçılar siyahısına nəzər saldıqda görürük ki, ora dəvət olunanlar bəzi istisnalarla erməni diasporasının təmsilçiləridir. Ermənistan bu təxribatla separatçı rejimin beynəlxalq aləmdə təşfiq olunmasına çalışır. Biz həmin tədbirin qanunsuz olduğunu bəyan etmişik və mümkün iştirakçılara da bu barədə xəbərdarlıq olunub”.
A.Zeynalov
Yenicag.Az
www.yenicag.az