!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Biz vətən xaini deyilik" - Nizami Hacıyev

!Reklam – Yazi

Oyun alqı-satqısı ittihamı ilə futboldan ömürlük uzaqlaşdırılan “Keşlə”nin sabiq futbolçusu Nizami Hacıyev Yenicag.az saytına müsahibə verib.

O, müsahibəsində Azərbaycandan köçdüyünü bildirməklə yanaşı, bir sıra maraqlı məqamlardan söz açıb.

– Nizami, işlərin necə gedir?

– Şükür Allaha, işlərim qaydasındadır. Oxuyuruq, öyrənirik. Vaxtında öyrənmədiyimizi indi öyrənirik. Moskvadayam. Mənə qardaş deyib, axırda məndən üz döndərənlərdən uzaqdayam. O insanların simasını görmürəm, heç görmək də istəmirəm. Bu gün yanımda elə insanlar var ki, pis günümdə mənə dəstək olublar. Hərdən uşaqlarla futbol oynayıram. Əlbəttə, futbolsuz ağırdır, acınacaqlıdır. İnşallah, yaxın zamanlarda hər şey öz qaydasına düşəcək.

– Moskvaya birdəfəlik köçmüsən?

– Bəli, Moskvaya birdəfəlik köçmüşəm. Artıq vətəndaşlıq da alıram. Yəqin ki, burada qalacam.

– Futbola qayıtmaq barədə düşünmürsən?

– Dostlardan belə bir təklif var. Hər gün bunu müzakirə edirik. Hər gün eyni mövzuya qayıdırıq. Deyirlər, futbola qayıtmaq lazımdır, sən bu işi bilirsən. Hərtərəfli nə lazımdısa, dəstək olmağa hazırdırlar. Dəqiq heç nə deyə bilmirəm. Bilmirəm, futbola qayıdacam, ya yox. Çünki işlərim həddindən artıq çoxdur. Bir neçə sahədə çalışıram. Dostlarımın mənə etibar etdiyi işlər çoxdur. Dostluqdan əlavə bu işi düzgün yerinə yetirməliyəm. Hər şeyi gələcək göstərəcək.

– Belə başa düşdüm ki, bizneslə məşğulsan.

– Bəli, artıq öz biznesimizlə məşğuluq. Böyük biznesə sahib olan şirkətdir. Həm dost kimi, həm də köməkçi kimi mənə etibar ediblər. Mən də işin öhdəsindən gəlməyə çalışıram.

– Kənardan baxanda Azərbaycan futbolu necə görünür?

– Elə bil xilasedicisən, dənizdə adam boğulur, sən də kömək edə bilmirsən. Bax belə bir mənzərədir.

– Nizami kimlərdən inciyib?

– İncimək deyəndə ki, kimdən, nədən inciyim? Özüm özümdən inciyirəm ki, dəyərsiz insanlara çox dəyər verdim. Bugünkü durum elədir ki, kim boğulursa, sadəcə, kənardan durub ona baxmaq lazımdır. Özünü oda atıb, kimisə xilas etmək təəssüf ki, ən səhv addımdır. Çünki sən boğulanda səni oradan heç kim çıxarmayacaq. Həqiqətən də mən bununla üzləşdim. Mən çətin durumda olanda heç kim mənə əl uzatmadı. Mənim sözümü demədilər. Çox insana yaxşılıq etmişəm, amma biri telefonu qaldırıb demədi ki, qardaş, salamatçılıqdır? Bəlkə görüşüb, bir stəkan çay içək, dərdləşək… Buna ehtiyac da yoxdur. Şükür Allaha, indi hər şey qaydasındadır, istədiyimdəm də yüksək səviyyədədir. İstər-istəməz adam pis olur ki, mən həminki Nizamiyəm də. Mən futbol oynayanda da həmin Nizami olmuşam, oynamayanda da. Mən həyata gələndə də eyni adam olmuşam. Amma maddi maraq onları dəyişdi. Hansısa kreslo onları dəyişdi. Amma mən dəyişməmişəm. Mən çox insanların adını çəkə bilərəm ki, onlara nələr etmişəm. İstər imkanlısı olsun, istərsə də kasıb. Bir adam deyə bilməz ki, məndən kömək istəyib, ona “yox” demişəm. Vallah, çox dərin məsələdir. Ümumiyyətlə, onlarla üz-üzə gəlmək istəmirəm. Kənardan baxıb deyirəm ki, hə, Allah köməyiniz olsun. Allah hamının ürəyinə görə versin. Hər şey üzdən yaxşı görsənir. İnsan psixologiyası elədir ki, içindəki pisi gizlətdiyini düşünür. Amma içimizdə bizi narahat edən bir şeylər var. Onu fikirləşmək lazımdır ki, bu məni niyə narahat edir? Mən də səhv etmişəm ki, bugünkü gündə futboldan kənarda qalmışam. Səhvimizi başa düşdük. Amma bu səhv onların ittiham etdiyi deyil. Ümumiyyətlə, həyat tərzimdə səhv edib, bugünkü gündə də cəzasını çəkmişəm. Amma hər bir şəxsin ağrısı var ki, onu çox adam bilmir.

– Həmin məsələ ilə bağlı cinayət işinə xitam verilib…

– Günahsız olduğumuz üzə çıxıb. Amma hər şey AFFA rəhbərliyinin əlindədir. İnşallah, gözləyək görək son qərarları nə olacaq. Belə bir söz var e, yaxşı kişinin ürəyində mərhəmət olar. Mən də bu sözə arxalanıb, AFFA rəhbərliyindən xəbər gözləyəcəm.

– Dediyin şəxslər futbolun içində olan adamlardır?

– Futbolda da var, futboldan kənarda da. Bu dediklərim hamısına aiddir.

– Zaur Axundovdan necə, narazılığın var?

– Heç bir narazılığım yoxdur. Görüşməmişəm, görüşmək fikrim də yoxdur. Mən Moskvada, onlar Bakıdadır. Bizim görüşməyimiz qəliz məsələdir. Allah hamının işini avand eləsin.

– Mirhüseyn Seyidovla əlaqə saxlayırsan?

– Əlbəttə, Mirhüseynlə danışıram. O, mənim qardaşımdır. Hər gün də olmasa, bir gündən bir danışıb, hal-əhval tuturuq.

– Son olaraq nə demək istəyərdin?

– Saytınız vasitəsi ilə sözümü deyim, qoy hamı diqqətlə oxuyub, dərk eləsin. Bu çox adama aiddir. İstər futbolda, istərsə də futboldan kənarda olan şəxslərə… Mirhüseyn Seyidov və Nizami Hacıyev satqın deyillər. Biz layiqincə öz torpağımızı, bayrağımızı bütün milli komandalardan tutmuş klublara kimi təmsil etmişik. Bunun hamısı göz qabağındadır. Kimin marağı olsa ki, mən Azərbaycanı necə təmsil edirəm, buyurub Moskvaya gəlsin. Biz Azərbaycanın bayrağını tutub ölkənin dalınca danışan yox, onun uğrunda öləcək oğlanlarıq. Bu, bizim üçün müqəddəs sayılır. Biz bu ölkəni satmamışıq. Biz çörək kəsdiyimiz insanların sirlərini ikinci bir şəxsin yanında danışmamışıq. Şükür Allaha, damarımızda axan təmiz azərbaycanlı qanıdır. Bu gün Azərbaycandan kənarda olsam da, mən həminki Nizamiyəm. Sadəcə, qoy hamı bilsin ki, biz vətən xaini deyilik. Müəyyən insanlar var, bunları oxuyub hər şeyi başa düşəcəklər. Özləri də yaxşı bilirlər ki, mən bunu kimlərə deyirəm. Dəfələrlə onlara təkrar etmişəm ki, qardaş mənlə Mirhüseyn Seyidov vətən xaini deyilik. Biz torpağımızı, bayrağımızı, himnimizi satmamışıq. O şəxslər ki, orada-burada hansısa maliyyəyə görə Azərbaycanın adını çəkir, bu o demək deyil ölkəsini sevir. Biz həqiqətən də ölkəmizi kişi kimi təmsil etmişik. Mən həmişə demişəm ki, ölkənin müəyyən insana aidiyyatı yoxdur, müəyyən insanın ölkəyə aidiyyatı var. Biz özümüzü hər yerdə düzgün aparmalıyıq. Bizi vətən xaini kimi qələmə vermək lazım deyil. Onsuz da hamı hamını tanıyır. Hamı yaxşı bilir ki, kim nəyinisə nəyəsə görə qurban verir.

Emin Səfərov

COP29

www.yenicag.az

6474
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv