“Bizə Rusiyadan dost olmaz” – Moskva yenə Bakı ilə münasibətləri GƏRGİNLƏŞDİRİR
“Belə məsələlərə soyuqqanlı yanaşmaq mütləqdir. Çünki ümumilikdə regionda vəziyyət ağırdır”.
Bunu Yenicag.a-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, ötən həftə “Global Media Group”a bağlı olan informasiya resurslarına edilən kiberhücumun arxasında Rusiya olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
MMP sədri qeyd edib ki, bəzi qüvvələr Rusiya ilə bizim aramızda olan münasibətləri həddindən artıq kritikləşdirirlər:
“Əlbəttə, bizə Rusiyadan dost olmaz. Bu, birmənalı şəkildə belədir. Bizim saytlar gündə bir şey yazırlar. Düzgün hesab etmirəm, gərək, bu məsələlər araşdırılsın. Elə etməliyik ki, bizdə həqiqət olsun. Rusiya ilə münasibətlərin kəskinləşməsi narahatedicidir. Buna ehtiyac yoxdur. Üzərinə getməyə də dəyməz. Sözügedən məsələyə də soyuq başla yanaşmaq lazımdır. Təbiidir ki, bizə hücumlar olacaq. Çünki onların dediklərini etmirik, müstəqil siyasət yürüdürük. Buna görə başımızı sığallamayacaqlar. Belə məsələlərə soyuqqanlı yanaşmaq mütləqdir. Çünki ümumilikdə regionda vəziyyət ağırdır. Başı “kraska”lı Tramp ortaya çıxıb gündə bir söz deyir, aləm qarışıb. Bu amilləri nəzərə alaraq səbirli olmalı, aldanmamalıyıq”.
Nəsimi Ələsgərli