Bizi hansı təhlükə gözləyir?

media-hightechnic-468x90

yyyyyyyyyyyyyyyBakının Saray, Sulutəpə qəsəbələrində, Suraxanı, Sabunçu, Binəqədi rayonlarında olan evlərin əksəriyyətində kanalizasiya suları həyətlərdə qazılmış quyulara yığılır. Yəni qeyd edilən ərazilərdəki evlərin çoxu kanalizasiya xətlərinə birləşdirilməyib. Quyulara yığılan çirkab sular isə əsl təhlükə mənbəyidir. Çünki həmin quyular su hovuzundan və su xəttindən bir neçə metr aralıda qazılır.

Quyuya yığılan çirkab suları isə necə deyərlər torpaq canına çəkir və getdikcə əhatə dairəsini genişləndirir. Kanalizasiya sularının hovuzdakı içməli suya qarışmasına və çox təhlükəli infeksiyon xəstəliklərin baş qaldırmasına gətirib çıxara bilir.

Bundan başqa çirkab suların quyulara yığılması həmin ərazidə torpaq sürüşməsinə tez-tez səbəb olur. Çünki kanalizasiya suları həmin ərazilərdə torpağın alt qatını yuyub aparır, bir növ torpağın bünövrəsini sıradan çıxarır. Yəni quyulara yığılan kanalizasiya suları qrunt suların səviyyəsinin qalxmasına səbəb olur. Məlumdur ki, qurunt suların qalxması bir sıra fəsadlar yaradır. Sürüşmə riskini artırır, yaşıllığı məhv edir, torpağın humus qatının münbitliyinə mənfi təsir göstərir. Bu arada bir neçə il bundan əvvəl Masazır qəsəbəsində baş vermiş torpaq sürüşməsini xatırlatmaq yerinə düşər. Sürüşməyə səbəb çirkab suların quyulara yığılması göstərilmişdi. Bununla bağlı ekspertlər də həyəcan təbili çalır.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, Bakıda qurunt sularının səviyyəsinin getdikcə artması gözlənilir: “Bakı şəhərində qurunt suları daha çox antropogen mənşəlidir. Binaların, mənzillərin sayı artdıqda qurunt sularının səviyyəsi də qalxır. Kanalizasiya və yağış kollektorlarının yaxşı işləməməsi də qurunt sularının səviyyəsinin artmasına təsir göstərir. Bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır. 1950-ci illərdə tikilən xətlərin istifadə müddəti artıq başa çatıb. Digər tərəfdən kanalizasiya xətləri maksimum 800-900 min mənzil üçün nəzərdə tutulub. İndi Bakı şəhərində mənzillərin sayı 2 milyona yaxındı. Kanalizasiya xətlərindən kənar axıdılan sular potensial qrunt sularıdır”.

Telman Zeynalov deyir ki, quyulara yığılan çirkab suların təhlükəli nəticələrinin qarşısını almaq üçün müvafiq dövlət qurumları hərəkətə keçməli, tez-tez reydlər həyata keçirməlidir.

Müvafiq dövlət qurumu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi isə ekspertlərin çaldığı həyəcan təbilinə laqeyd yanaşır. Belə ki, Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, maye məişət tullantılarının yığılması və daşınması ilə bağlı Nazirlər Kabinetinin qərarı var və hər şey orada yazılıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarına əsasən çirkab suların yığılan quyuların divarları və dibi sukeçirməz olmalıdır. Həyət ayaqyoluları yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20-100 metr məsafədə olmalıdır. İctimai ayaqyolularının çirkab quyusunun dərinliyi qurunt sularının səviyyəsindən asılıdır, lakin 3 metrdən artıq olmamalıdır. Quyunun, yer səthinə 0,35 metr məsafə qalan qədər çirkablarla dolması yolverilməzdir. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.

Bəs, Mərkəz Nazirlər Kabinetinin qərarında qeyd edilənlərə əməl edirmi? Ümumiyyətlə, GEM problemli ərazilərdə mütəmadi reydlər həyata keçirirmi? Quyuların düzgün, yəni su hovuzundan məsafədə qazılmasına, dərinliyinin nə qədər olmasına nəzarət edirmi? Ümumiyyətlə, belə quyulara nəzarət etmək üçün GEM-də hansısa mexanizm işləyirmi?

Ziyəddin Kazımovun  cavabı çox sadə və bir o qədər də təəccüblü oldu: “Həmin ərazidə yaşayan sakinlər, daha doğrusu kanalizasiya sularını quyulara yığan ev sahibləri bununla bağlı bizə şikayət etməlidirlər. İndiyə kimi bizə şikayət edən olmayıb. Şikayət olarsa biz əaziyə baxış keçirərik”. Əlavə sullar verməyimizə ehtiyac görməyən GEM-in şöbə müdiri Ziyəddin Kazımov dəstəyi yerə qoydu. Onunla bir daha əlaqə saxlaya bilmədik.

Buradan belə sual doğur. Həyətinin bir küncündə Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarının 5-ci maddəsini pozan sakin gəlib GEM-ə şikayət edə bilər ki, mən qaydları pozmuşam və məni cəzalandırın? Çox gülməlidir deyilmi?. Burada sakinləri qınamaq düzgün olmazdı. Çünki sakinlər müvafiq qərardan, quyuların necə təşkil edilməsindən xəbərsizdir. Çünki GEM müvafiq marifləndirmə işləri, reydlər həyata keçirmir. Bununla bağlı hər hansı mexanizm işləmir. Görünür GEM Nazirlər Kabinetinin müvafiq qərarına əməl etmək fikrində deyil.

Bəs, sakinlər nə vaxta kimi kanalizasiya sularını həyətlərdəki quyulara axıdacaq? “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  bildirdi ki, prezidentin göstərişinə əsasən 2016-cı ilə qədər Bakının qəsəbələrində bütün evlərin mərkəzləşdirilmiş kanalizasiya siteminə birləşdirilməsi planlaşdırılır.

Görünür Bakı sakinləri 2 il də gözləməli olacaq. Ancaq infeksion xəstəliklər yaradan bakteriya və mikroorqanizmlər 2 il gözləməyəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600