Ölkəmizin tolerant, multukultur və demokratik olmasına, habelə Konstitusiyamıda vətəndaşların söz azadlığına rəğmən mən bu layihəni düzgün hesab etmirəm. Yəni mən bununla hüquqlarımın məhdudlaşdırılmasını başa düşürəm. Hər bir Azərbaycan vətəndaşı İlahi dərgahda ilk öncə Allahın bəndəsi, daha sonra isə azərbaycanlıdır. Bu təkcə bizə deyil, bütün bəşəriyyətə aiddir.
Amma hazırda sekulyarizm qanununa əsasən biz əvvəl azərbaycanlı, daha sonra bəndəyik. Bunu geniş izah etmək istəməzdim. Amma sözümün əsas mahiyyəti bundan ibarətdir ki, mən ilk olaraq azərbaycanlı olduğum və Konstitusiyam demokratik qanunlara əsaslandığı üçün niyə qapımdan asdığım bayraq kimisə narahat etməlidir? Məgər istinad etdiyimiz və nümunə kimi göstərdiyimiz Avropa ölkələrində və sair dövlətlərdə belə qanun varmı? Hətta qonşu xristian ölkəsində xristianlara, yəhudilərə və müsəlmanlara qarşı belə bir qadağa varmı?
Digər tərəfdən, ölkəmizin əhalisinə diqqət etsək, 80 faizi əhli-Beyt (ə) tərəfdarlarına aid müsəlmanlardır. Hamıya məlumdur ki, ölkəmizdə yaşayan xristian, yəhudi, buddist, krişnaist, satanist və sair səmavi və qeyri-səmavi dinlərə aid olan məzhəblərin heç biri küçədə şuar səsləndirmir və qapısından bayraq asmırlar. Amma yalnız əhli-Beyt (ə) tərəfdarları hər il məhərrəmlik ayında iki ay Kərbəlada şəhid olanların ehtiramına qapılarından qara bayraqlar asırlar. Bunu da qeyd edim ki, bu, ölkənin rayon və qəsəbələrində deyil, yalnız məhdud məntəqələrdə imamın ehtiramı üçün qeyd edilirdi. O cümlədən bəziləri qara bayraq asmır, namaz qılmamağına baxmayaraq saqqal saxlayırdılar. Yenə də deyirəm, bu hər bir əhli-Beyt (ə) tərəfdarlarının şəxsi inancından irəli gəlir.
Amma bizim dinimiz nə qara bayraqdan, nə də namazsız saqqaldan ibarət deyil. Bununla bağlı heç bir dini göstəriş belə yoxdur. Dinimiz fundamental, bəşəriyyətin xilasına xidmət edən İlahi vəhyə əsaslanan qanunlar toplusudur. İslam dini ədalətə səsləyən, insanlıq naminə yaşama dəvət edən bir dindir. İslam dini səadətdir. Biz bu səadəti küçədə şüar demədən və bayraq asmadan yaşamaqla yaşatmalı və dünyaya nümunə olmalıyıq.
www.yenicag.az