“Ermənistanın inkişaf məsələsinin müzakirə edilməsi hazırda sual işarəsi altındadır. Çünki postsovet məkanında Ermənistandan da başqa o qədər respublikalar var ki… Maraqlıdır, bu dövlətlərin iqtisadi inkişafı niyə Avropa İttifaqı (Aİ) və ABŞ-ni maraqlandırır ki, məhz bunu yalnız İrəvanla müzakirə edirlər?”
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Fikrət Sadıxov deyib.
F.Sadıxov bu gün Brüsseldə baş tutması gözlənilən Blinken-Leyen-Paşinyan görüşünün detallarından, habelə görüşdən sonra regionda baş verə biləcək hadisələrdən söz açıb.
Brüssel görüşünü şərh edən analitik düşünür ki, burada iqtisadi inkişafdan söhbət getmir.
“Təbii ki, bu görüşdə Ermənistanın hərbi potensialının möhkəmlənməsi, İrəvana yeni hərbi texnikanın verilməsi, hərbi təlimlər və digər məsələlər geniş şəkildə müzakirə olunacaq. Biz buna reaksiya verməyə də bilərdik, əgər söhbət Ermənistandan getməsəydi… Çünki Ermənistan Azərbaycanla qonşu dövlətdir və faktiki olaraq 30 il ərzində Azərbaycan ərazisində separatizminin alovlanmasına rəvac verib, Qarabağı işğalda saxlayıb”, – deyə o bildirib.
Onun sözlərinə görə, əlbəttə ki, belə bir görüş bizi narahat etməyə bilməzdi:
“Azərbaycan öz fikirlərini artıq həm dünya birliyinə, həm də Brüssel görüşünün iştirakçılarına açıqlayıb. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen İlham Əliyevə zəng edib izahatlar veriblər”.
Siyasi təhlilçi əmin edib ki, biz diplomatik mənada qabaqlayıcı addımlarımızı çoxdan atmışıq:
“Onlar başa düşdü ki, bizim narahatlığımızın səbəbləri nədən ibarətdir. Fikrimcə, vəziyyət bundan sonra da gərgin olaraq qalacaq. Çünki Ermənistan digər qütblərə arxalanaraq, hərbi potensialını artırmaq fikrindədir. O cümlədən burada Rusiyanın orbitindən ayrılmaq məsələsi də var ki, bu, şübhəsiz ki, Kremli qıcıqlandıracaq.
Nəticədə Moskva İrəvanla bağlı hər hansı bir tədbirlərə əl atacaq. Deyə bilmərəm ki, bu tədbirlər nədən ibarət olacaq, amma hər halda baş verənlər regionda müəyyən gərginliyə gətirib çıxara bilər”.
Rafi Müslümov
www.yenicag.az