Blokadaya qarşı "Qərb-Şərq" əməliyyatı: BAE Hörmüzü dövriyyədən çıxarır
Birləşmiş Ərəb Əmirliklərinin (BAE) Abu-Dabi Milli Neft Şirkəti (ADNOC), Hörmüz boğazından asılılığı tamamilə aradan qaldıracaq yeni “Qərb-Şərq” boru kəməri layihəsini sürətləndirmək qərarına gəlib.
Yenicag.az xəbər verir ki, Vəliəhd şahzadə Xalid bin Məhəmməd bin Zayed Al Nahyanın rəhbərliyi ilə qəbul edilən qərara əsasən, Hörmüz boğazından yan keçən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan strateji layihənin icrası tezləşdiriləcək.
BAE-nin enerji təhlükəsizliyini təmin etməyi hədəfləyən bu layihə ölkənin Fuceyra limanı vasitəsilə həyata keçirdiyi neft ixracı gücünü tam iki dəfə artıracaq. Hazırda fəaliyyət göstərən və gündəlik 1,5-1,8 milyon barel ötürmə gücünə malik “Habshan–Fuceyra” xəttinə əlavə olunacaq bu yeni boru kəməri, Oman körfəzi sahilindən birbaşa daşınma imkanlarını maksimuma çatdıracaq. Layihənin işə düşməsi ilə BAE Hörmüz boğazında baş verə biləcək qalıcı blokadalardan ən az təsirlənən oyunçu olmağı hədəfləyir.
Hörmüz boğazındakı məhdudiyyətlər xüsusilə Küveyt, İraq, Qətər və Bəhreyn kimi neft ixracında tamamilə bu yoldan asılı olan ölkələri çətin vəziyyətdə qoyur. Regionda Səudiyyə Ərəbistanı ilə yanaşı, boğazdan yan keçən boru kəmərlərinə sahib yeganə istehsalçı olan BAE bu investisiyası ilə logistik üstünlüyünü daha da möhkəmləndirir.
Bloomberg tərəfindən dərc olunan təhlilə görə, BAE-nin İrana qarşı regional hərbi blok yaratmaq cəhdləri mütəxəssislər tərəfindən “uğursuzluq” kimi qiymətləndirilir. BAE prezidenti Şeyx Məhəmməd bin Zayed (MBZ) Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrini koordinasiyalı hərbi müdaxiləyə inandırmaq üçün apardığı diplomatik danışıqlardan məyus ayrılıb. Riyad və Doha rəhbərliyi “Bu bizim müharibəmiz deyil” deyərək, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına qoşulmaqdan imtina ediblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin birgə hücumları ilə başlayan müharibədən sonra İran qlobal enerji daşımalarının strateji nöqtəsi olan Hörmüz boğazını bağlamışdı. Bu qərar neft qiymətlərinin müharibə öncəsi dövrlə müqayisədə 65% artmasına səbəb olmuşdu. Aprelin 13-də isə ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq etmək qərarı alaraq, boğaza daxil olan və çıxan İranla əlaqəli gəmilərə müdaxilə etməyə başlamışdı. Hazırda tərəflər arasında qarşılıqlı gəmi ələ keçirmə halları davam edir.
Ayşən













