“BMT-yə daxil olan bəzi dövlətlər…”
Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. Bu nüfuzlu təşkilata üzv qəbul olunmaq Azərbaycan üçün nə ilə yadda qalıb?
Yenicag.az xəbər verir ki, YAP icra katibinin müavini, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupunun üzvü, Siyavuş Novruzov Modern.az-a açıqlamasında Azərbaycanın BMT-yə üzv qəbul olunmasının üstünlüklərindən danışıb.
“Dünyada 2 mindən artıq xalq var. Bu xalqların yalnız 200-nün dövləti var. Təxminən 200-ə yaxın dövlət də BMT-nin üzvüdür. Azərbaycanın BMT-nin üzvü olması xalqımızın, dövlətimizin tanınmasıdır, gələcəkdə də Azərbaycan dövlətinin olacağının sübutudur. BMT bütün dövlətlərin ən ali orqanıdır. Orada qəbul edilən Dağlıq Qarabağ və onun ətrafındakı 4 rayonun azad olunması ilə əlaqədar qətnamələrin yerinə yetirilməməsinə baxmayaraq, digər ölkələr bu cür qətnamələri yerinə yetirir. Artıq BMT-nin qəbul etdiyi hüquqi qərar hər bir ölkənin hüquqi bazasıdır. Beynəlxalq müqavilə və sazişlərdə də göstərilir ki, birinci növbədə qoşulduğumuz beynəlxalq müqavilələrə riayət edirik, sonra daxili qanunvericiliyə. O baxımdan da BMT-nin qəbul etdiyi bütün qətnamə və qərarlar hər bir dövlət üçün qeyd-şərtsiz yerinə yetirilməlidir. Ona görə də bu təşkilatın üzvü olmaq vacib şərtlərdən biridir. Ən əsası odur ki, müstəqillik dövründə bir çox dövlətçilik tarixi olan təşkilatları çıxmaq şərtilə Azərbaycan 2 il BMT-nin Təhlükəsizlik Şurasına səsvermə yolu ilə sədrlik edib. Bu 23 il ərzində Azərbaycanın apardığı siyasət, beynəlxalq nüfuzu, Azərbaycana olan diqqətdən irəli gəlirdi. Bunun özü də böyük şərtlərdən biridir”.
BMT nüfuzlu təşkilat olsa da, bəzi məsələlərdə, o cümlədən girovların geri qaytarılmasında konkret iş görülməyib. Siyavuş Novruzovun sözlərinə görə, bu cür məsələlər bəzi dövlətlərin ikili yanaşmasından irəli gəlir:
“BMT-yə daxil olan bəzi dövlətlər ikili standartlarla məsələlərə yanaşır. BMT-nin hüquqi bazasına deyil, sadəcə olaraq o dövlətlərin təzyiqi və siyasəti nəticəsində son dövrlərdə belə bir qərarlar qəbul olunmağa başlayıb. İraq, Əfqanıstan hadisələrini götürə bilərik. BMT-nin və NATO-nun bir çox üzvləri səs vermədən də ayrı-ayrı dövlətlər öz siyasətlərini reallaşdırdı və həyata keçirdi. Bu cür hallar qismən də olsa BMT-nin nüfuzuna ziyan gətirir. Onun icazəsi olmadan, qəbul etdiyi qərarları yerinə yetirməyən, yaxud qəbul edilən qərarlara baxmayaraq, bir dövlət digər dövlətin ərazisini işğal edib. O baxımdan, həmin dövlətlərin yanaşma tərzində dəyişiklik olmalıdır ki, sabah ona qarşı da belə hal ola bilər”.