“Kredit borcları ilə bağlı problem artıq həll olundusa, buna görə vətəndaşların gediş-gəlişini məhdudlaşdırmaq olmaz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin problemli kreditlərin həllinə yönəlik məlum fərmanından sonra borclu vətəndaşların ölkədən çıxışına qoyulan qadağanın götürülməsinin vacibliyinə toxunan millət vəkili Fazil Mustafa deyib.
Prezident İlham Əliyevin ötən həftə problemli kreditlərin həllinə dair fərmanı bu çərçivədə vətəndaşları narahat edən digər məsələləri də aktuallaşdırıb. Onların arasında isə bankların borclu vətəndaşlara qarşı qaldırdıqları kütləvi məhkəmə iddiaları və həmin kateqoriyaya aid insanların ölkədən çıxışına qadağa qoyulmasıdır.
Milli Məclisin son iclasında bu problemin həllinin zəruriliyinə toxunan millət vəkili Fazil Mustafa Yenicag.az-a açıqlamasında bildirib ki, dövlət başçısının fərmanı buna əsaslı zəmin yaradıb:
“Əgər kredit borclarının həlli məsələsi qoyuldusa, avtomatik olaraq, həmin problemlər də öz həllini tapmalıdır. Yəni vətəndaşın vəziyyətini yüngülləşdirən addım atılıbsa, bundan sonra insanların gediş-gəlişini məhdudlaşdırmaq olmaz.
Bildiyiniz kimi, banklar vaxtilə hüquq-mühafizə orqanlarına müraciət edərək, borclu vətəndaşların ölkədən çıxışına qadağa qoyulmasını istəyiblər. Artıq bankların faktik olaraq, belə bir iddiası yoxdur.
Bu halda həmin qurumlar qərar qəbul etməlidirlər ki, ölkədən çıxışına qadağa qoyulan şəxslərlə bağlı problem yoxdur. Təbii ki, burada söhbət 10 min ABŞ dollarına qədər kredit götürmüş vətəndaşlardan gedir. Bu məsələ avtomatik də həll oluna bilər, bankların ümumi müraciəti əsasında da”.
A.Zeynalov
www.yenicag.az