Boşanma prosesi 20 il idi, davam edirdi: İnadından əl çəkməyən qadın ərindən neçə milyon aldı?
Böyük Britaniyada ən uzun boşanma prosesi başladıqdan 20 ildən çox vaxt keçdikdən sonra başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət Varşa Qohil və Bhadreş Qohil arasında 2002-ci ildə başlamış nikahın pozulmasından gedir. Prosesi o vaxt 37 yaşı olan həyat yoldaşı ərini xəyanətdə və qəbulolunmaz davranışda ittiham edərək başladıb. 2004-cü ildə Varşa Qohil mübahisənin nizamlanması kimi ona 270 min funt sterlinq (365 min dollar) ödənilməsinə və ailənin “Peugeot” avtomobilinin verilməsinə razı olub. Lakin keçmiş ərin bütün dünya üzrə korporativ strukturlar vasitəsilə aktivlərini gizlətdiyi məlum olduqdan sonra qadın məhkəmə prosesini yenidən başladıb.
Keçmiş ər bu müddət ərzində 2011-ci ildə çirkli pulların yuyulmasına görə 10 il həbs cəzasına məhkum edilib. Kral Prokurorluq Xidməti isə onun 28 milyon funt sterlinq (38 milyon dollar) məbləğindəki aktivlərini dondurub.
“The Times”ın yazdığına görə, İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi keçən ay bu uzunsürən prosesə nöqtə qoyub. Nəticədə ona keçmiş ərinin üzərində öhdəlik (məhdudiyyət) olmayan aktivlərindən 6,6 milyon funt sterlinq (8,9 milyon dollar) verilib. Hakim həmçinin qərara alıb ki, tərəflərdən heç birinin bu qərardan şikayət etmək hüququ yoxdur.













