Ağdam rayonunda böyük qurumların hamısı bölünərək qonşu rayonların tabeliyinə verilib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayonundakı böyük qurumlar regionlaşma adı altında digər rayonlar arasında bölünüb. Bölünmə nəticəsində hazırda Ağdam rayonunda Mərkəzi xəstəxana və İcra Hakimiyyətindən başqa digər böyük qurumlar artıq yoxdur.
Belə ki, ekologiya idarəsi Tərtərə, mədəniyyət idarəsi Ağcabədiyə, təhsil idarəsi Tərtərə, su kanal idarəsi Mingəçevirə verilib.
8 iyun 2018-ci il tarixində Raqub Məmmədov Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edildikdən sonra rayonun mərkəzi xəstəxanasının baş həkimi də işdən çıxarılıb. Artıq 3 aydır ki, Ağdam Mərkəzi rayon Xəstəxanasının baş həkim postu boşdur. Əldə etdiyimiz məlumata görə, Ağdamın səhiyyə idarəsinin də Bərdə rayonuna veriləcəyi deyilir.
Böyük idarələrin digər rayonlara verilməsi nəticəsində onlarla şəxs işsiz qalıb. Belə ki, qurumların qonşu rayonlara verilməsi ilə orada işləyənlərin böyük əksəriyyəti işdən azad edilib. Hər idarədən yalnız bir neçə nəfər işdə saxlanılıb.
Baş verənlər rayon camaatı tərəfindən də narazılıqla qarşılanır. İnsanlar artıq aidiyyatı qurumlara getmək üçün digər rayonlara üz tutmalı olurlar. Bu isə vaxt itkisi və əlavə xərc deməkdir.
Qurumların digər rayonlar arasında bölünməsi rayonun özünün də digər rayonlar arasında bölünə biləcəyi iddiasını ortaya gətirib.
Maraqlıdır ki, ərazisinin böyük hissəsi işğal altında olsa da, Ağdam rayonu əhalisinin sayına görə digər rayonlardan üstünlük təşkil edir. Rayon sakinləri regionlaşma adı altında atılan bu addımda əhalinin sayının nəzərə olmasının önəmini xüsusi ilə vurğulayıblar.
Ağdam rayon İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada böyük qurumların digər rayonlara verilməsi təsdiqlənib. Qurumdan qeyd edilib ki, baş verənlər idarəetmədə olan dəyişikliklərə bağlıdır:
“Bu, rayona aidiyyatı olmayan məsələdir. Mərkəzi icra orqanlarının qərarıdır. Digər rayonlarda da belə hallar müşahidə edilir. Məsələn, Ağdamın mədəniyyət idarəsi ilə yanaşı Laçın rayın mədəniyyət idarəsi də Ağcabədiyə verilib”.
Ötən gün Ağdam rayon icra hakimiyyətinə 3 aydan sonra yeni icra başçısı təyin edildi. Yeni icra başçısının isə qarşısında çoxlu sayda problemlər durur. Rayonda işsizliyin pik həddə olması və əkilən məhsulların batması yeni başçı Vaqif Həsənovun həll etməli olduğu əsas məsələlərdən sayılır.
www.yenicag.az