Böyük savaşın AYAQ SƏSLƏRi: Rusiya, Ukrayna, ABŞ və İran cəbhəsində nələr baş verir?
“Artıq beynəlxalq hüquq işləmir, beynəlxalq güc işləyir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

O, dünyada baş verən gərginlik fonunda III Dünya Müharibəsinin başlama ehtimalından danışıb. Deputat bildirib ki, dünyada üçüncü dünya müharibəsinin baş verməsi ilə bağlı müxtəlif fikirlər səslənsə də, artıq bu müharibənin müəyyən əlamətləri hiss olunmaqdadır:
“Köhnə dünya düzəni dağılır, yenisi formalaşır. Burada isə artıq beynəlxalq hüquq işləmir, beynəlxalq güc faktoru ön plana çıxıb. İstər Rusiya-Ukrayna cəbhəsi, istər ABŞ-İsrail-İran qarşıdurması, istərsə də digər ölkələrin bu proseslərə cəlb olunması faktiki olaraq beynəlxalq hüququ arxa plana atıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) da bir təşkilat kimi artıq öz vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də bu reallığa hazır olmaq lazımdır.
Dövlət olaraq biz də buna hazır olmalıyıq. Hazırkı mərhələdə əsas vəzifəmiz Azərbaycanın dövlətçiliyini, neytrallığını qoruyub saxlamaq və ölkəmizi əlavə gərginliklərin içinə salmamaqdır. Paralel olaraq dünyada baş verən hadisələri diqqətlə izləməli, eyni zamanda iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənməliyik”, — deyə deputat bildirib.
Nəsimi Ələsgərli













