Britaniya əmək bazarında resessiya siqnalları: İşsizlik son illərin antirekorduna yaxınlaşır
Böyük Britaniyada makroiqtisadi göstəricilər mənfi dinamika nümayiş etdirir. Cari ilin birinci rübündə ölkədə işsizlik səviyyəsi 5 faizə yüksəlib, vakansiya sayı isə son yarımilliyin ən aşağı həddinə geriləyib.
Yenicag.az-ın məlumatına görə, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ölkənin əmək bazarının cari vəziyyətinə dair rəsmi hesabatını dərc edib. Statistik məlumatlar göstərir ki, yanvar-mart dövründə işsizlik dərəcəsi artaraq kritik 5 faiz bəndinə çatıb. Bu, illik müqayisədə 0,5 faiz bəndlik artım deməkdir ki, bu da əmək bazarında təklifin tələbi üstələdiyini göstərir.
Hesabat dövründə əməkhaqqı göstəricilərində də durğunluq müşahidə olunub. Belə ki, Britaniyada bonuslar xaric olmaqla, orta aylıq nominal əməkhaqqı artımı illik bazda 3,4 faiz təşkil edib. Bonuslar daxil edilməklə bu rəqəm 4,1 faizə çatsa da, real gəlirlərin artım tempinin inflyasiya təzyiqləri qarşısında zəiflədiyi vurğulanır.
ONS-in İqtisadi Statistika departamentinin direktoru Liz MakKeun (Liz McKeown) rəqəmlərin Britaniya iqtisadiyyatı üçün gərginlik vəd etdiyini bildirib: “İş elanlarının son beş ilin ən minimal səviyyəsinə düşməsi əmək bazarındakı zəifləmənin bariz nümunəsidir. Xüsusilə pərakəndə satış və xidmət (mehmanxana biznesi) kimi aşağı gəlirli sektorlarda yeni kadr potensialına ehtiyacın kəskin azalması müşahidə olunur”.
Ekspertlərin rəyinə görə, iş yerlərinin sayının son 5 ilin ən aşağı həddinə düşməsi, Britaniya mərkəzi bankının pul-kredit siyasətinə və ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozlarına mənfi təsir göstərə bilər.
Ayşən













