Britaniyalı politoloq: Avropa xarici tərəfdaşlardan asılılığı azaltmağa çalışır - ÖZƏL
“Avropada mülki və hərbi planlaşdırma arasındakı sərhədlər getdikcə daha da bulanıqlaşır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

O, Avropa Komissiyasının üzv dövlətlərdən səfərbərlik üçün uyğun olan bütün mövcud nəqliyyat vasitələri haqqında məlumat vermələrini tələb etməsinin, həmçinin öz yük maşınları və vaqon parkını yaratmaq imkanlarını araşdırmasının pərdəarxası səbəblərini şərh edib.
Politoloq bildirib ki, Avropa Komissiyasının nəqliyyat vasitələrinin siyahısının hazırlanması və ümumi logistika parkının yaradılması ilə bağlı təşəbbüsü Avropanın “müharibəyə hazırlaşması” kimi birbaşa hərbi mənada şərh edilməməlidir.
“Bu addım daha çox son illərdə yaşanan geosiyasi sarsıntılardan – Rusiyanın Ukraynaya təcavüzü, COVID-19 pandemiyası və təchizat zəncirlərindəki pozuntulardan, sonra Avropanın təhlükəsizlik və dayanıqlıq planlaşdırmasında yaranmış yeni istiqaməti əks etdirir.
Əsas məqsəd Avropanın hərbi, humanitar və ya logistika xarakterli böhranlara sürətlə, müstəqil və öz resurslarına güvənərək cavab verə bilməsini təmin etməkdir. Nəqliyyatın hazırlığı və koordinasiyalı infrastruktur təkcə müdafiə sahəsi üçün deyil, həm də mülki müdafiə, enerji böhranları və təbii fəlakətlər zamanı operativ fəaliyyət üçün vacibdir.
Bununla belə, bu proses göstərir ki, Avropada mülki və hərbi planlaşdırma arasındakı sərhədlər getdikcə daha da bulanıqlaşır. Avropa İttifaqı xarici tərəfdaşlardan asılılığı azaltmağa, NATO ilə koordinasiyanı gücləndirməyə və “strateji muxtariyyət” adlandırdığı anlayışı inkişaf etdirməyə çalışır.
Bir sözlə, bu vəziyyət yaxın zamanda müharibə ehtimalından çox, qeyri-müəyyən dünyada Avropanın əməliyyat qabiliyyətini və özünə yetərliliyini təmin etməyə yönəlmiş bir hazırlıq kimi dəyərləndirilməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













