“Miraflores” (Karakasda prezident iqamətgahı – red.) uğrunda mübarizədə müxalifətin 65% ilə qalib gəlməsinə baxmayaraq, Nikolas Maduro 51% ilə özünü növbəti dəfə qalib elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, Venesuela kimi qapalı və diktatura rejiminin olduğu ölkədə müxalifətin 44.2%-ə yaxın səs toplaması belə müxalifətin nə qədər çox səs topladığını göstərir. Bundan əlavə, artıq Çili, Argentina, Kolumbiya kimi böyük region dövlətləri Maduro rejimini tanımayacaqlarını bildiriblər.
Məlumata görə, buna baxmayaraq, əsas rəy ABŞ-nindir. Birləşmiş Ştatlar buna qədər Xuan Quaydonu Bolivar ölkəsinin yeni prezidenti kimi tanısa da, Rusiya ilə mübarizədə Bayden administrasiyası Tramp dövründə tətbiq edilən sanksiyaları yumşaldaraq Maduronun nəfəs almasına imkan yaratdı.
Bildirilib ki, dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi olaraq Karakas bazara daxil olarsa, bu neftin qiymətlərini endirə bilər. Lakin ABŞ Maduronu bu dəfə tanımasa belə, onu tam təcrid etmədən hakimiyyətdən uzaqlaşdırmaq olduqca çətindir.
Qeyd olunub ki, müxalifətin bundan sonra necə davranacağı bəlli deyil. Lakin kütləvi aksiyalar belə Maduronu buna qədər devirə bilmədi.
“Maduronun hazırda yaşadığı ölkənin əsas dövlət iqamətgahı olan “Miraflores” çox güclü şəkildə qorunur. İqamətgahda Uqo Çaves dövründən qalma olan “Kollektivos” adlanan paralimitar qruplar, Kubadan gəlmiş xüsusi təyinatlı qruplar, xüsusi polis gücü və ordu mühafizəni təşkil edir. Ordu komandanlığının buna qədər Maduronun yanında olması, eyni zamanda, elitanın hərbi qanadının ona dəstək olması onu hakimiyyətdə saxladı. Həmçinin narkokartellər də sona qədər Maduronu dəstəklədi.
Digər tərəfdən isə Maduronu təcrid etmək üçün Rusiya, Çin və Braziliyanı razı salmaq lazımdır. Qərblə hazırda qarşıdurmada olan Moskva və Pekin isə çətin ki, buna getsin. Eyni zamanda, Türkiyə, İran, Pakistan kimi böyük regional güclər də Maduro rejimi ilə münasibətləri davam etdirirlər. Türkiyə də buna qədər Quaydonun etirazları zamanı Maduro rejiminə açıq dəstək olub”, – deyə məlumatda qeyd edilib.
Rafi Müslümov
www.yenicag.az