“Bu, erməniləri arxayın salır və quduzlaşdırır”
Xəbər verdiyimiz kimi, dünən düşmənlə təmas xəttində mövqelərimizə hücum edən erməni helikopteri Azərbaycan ordusu tərəfindən vurularaq məhv edilib.
Məlum hadisəyə Azərbaycanın media nümayəndələrinin münasibəti necədir?
Mövzu ilə bağlı jurnalistlər arasında sorğu keçirilib.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Azərbaycan ordusunun düşmənə verdiyi layiqli dərsi müsbət qarşılayır: “Bir tərəfdən düşünürüəm ki, gərək ikinci vertolyotu da vuraydılar. Çünki düşmən vertolyotunun bizim mövqelər üzərində nə işi var? Amma digər tərəfdən düşünürəm ki, bu erməni tərəfdən hazırlanmış təxribat da ola bilər. Çünki vertolyot dönə-dönə bizim mövqelərin üzərinə gələndə, aydındır ki, onu vuracaqdılar. Bəlkə, ermənilərə də elə bu lazım imiş ki, ardınca Azərbaycana qarşı diplomatiya və informasiya cəbhələrində hücumlara başlasınlar? Hadisələrin inkişafını izləmək lazımdır”.
Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın fikrincə, bu sualı öncə Ermənistan rəhbərliyinə və ermənilərə vermək lazımdır: “Onlardan soruşulmalıdır ki, sizin hərbi helikopterinizin Azərbaycan torpağında, ərazisində nə işi var? Mən əsgərlərimizin bu qəhrəmanlığı ilə qürur duyuram və hesab edirəm ki, Azərbaycan əsgəri öz vəzifəsini yerinə yetirib”.
Ölkə.Az saytının baş redaktoru Qafqaz Ömərov hesab edir ki, bu hadisə, Azərbaycanın artıq təşəbbüsü həmişə əlində saxlayacağında qərarlı olacağı ilə əlaqələndirilməlidir: “Danışıqlar uzanır və heç bir nəticə vermir. Bu, erməniləri arxayın salır və quduzlaşdırır. Düşmən artıq Azərbaycanın beynəlxalq hüquq normalarına və ATƏT-in rəhbərliyində danışıqların aparılmasına hörmətindən sui-istifadə edərək ərazilərmizə təcavüzü davam etdirir. Düşmən helikopterinin döyüş xəttində vurulması ermənilərə böyük bir dərs oldu və bundan sonra da Azərbaycanın revanşı davam edəcək”.
“Yeni Çağ” qəzetinin (yenicag.az) baş redaktoru Aqil Әləsgər, məlum hadisəyə kompleks yanaşmağın tərəfdarıdır: “Bu, yalnız bir hərbçimizin erməni helikopterini cəzalandırması deyil, güclü orduya malik Azərbaycan ordusunun Dağlıq Qarabağı və işğal olunmuş digər ərazilərimizi savaş yolu ilə geri almaq üçün hazır olduğunu, məsələnin uzanmasına səbrinin qalmadığını göstərir. İstər avqustda ermənilərə verilən ağır cavab, istərsə də, dünənki hadisə həm də onu göstərir ki, Azərbaycan Prezidenti müdafiə nazirini dəyişməklə çox uğurlu seçim edib.
Və son olaraq qeyd etmək istəyirəm ki, Qarabağla bağlı qərarın hər an dəyişə biləcəyinin bariz nümunəsi olan dünənki addım erməni tərəfində ciddi psixoloji travma yaradmışdır. Ermənistan ordusunun öz helikopterindən imtina edərək, günahı separatçı rejimin üzərinə atması bundan xəbər verir. Yəqin ki, bu addımdan sonra Serkisyan, bir daha Xankəndi-İrəvan marşurutu üzrə ilk sərnişin olmağı düşünsün.”
Milli.Az saytının baş redaktor müavini, keçmiş zabit Anar Məmmədov hadisədən təsirləndiyini və duyğulandığını gizlətmədi: “Dünən erməni helikoptelinin vurulması anını hava hücumundan müdafiə qoşunlarında xidmət etmiş bir zabit kimi izlədim. Kimin üçünsə həmin an çox sevincli idi, mənim üçünsə çox kövrək. Əsgər söyüş söyə-söyə “Vur da komandir, vur” deyə az qala yalvarır və sonra komandir tətiyi çəkir. Aydın məsələdir ki, zabit tətiyi əsgərin əmri ilə çəkmədi. Amma mən bunu əsgərin əmri kimi qəbul etdim. Kənd ləhcəsi ilə söyüş söyən, az qala komadirinə yalvaran saf bir kənd uşağının əmri…
Bir vətəndaş olaraq helikopteli vuran zabitin əllərindən öpərdim. Ona görə yox ki əmri uğurla yerinə yetirib, düşmənin hərbi texnikasını və canlı qüvvəsinı məhv edib. Ona görə ki, o, zabitə əmr verməyi bacaran, əsgər yetişdirib”.
Publika.az saytının əməkdaşı İntiqam Valehoğlu, düşmən helikopterinin məhv edilməsini istənilən halda, ordumuzun uğuru sayır: “Necə deyərlər, “qırılan qoşundandır”. Bildiyimə görə, həmin helikopterin 8-12 milyon dollar civarında qiyməti var. Eyni zamanda 3 ekipaj üzvü- düşmənin canlı qüvvəsi də məhv edilib. Şəxsən mən bu hadisəni ordumuzun aktivinə yazardım.
Düşmən helikopterini vuran şəxsin dövlət tərəfindən mükafatlandırılmasını da təqdir edirəm.
Çünki bu kimi amillər stimullaşdırma baxımından çox vacibdir. Düzdür, bizə beynəlxalq səviyyədə müəyyən təzyiqlər ola bilər. Amma sizcə, bizim helikopterimiz qarşı tərəfə keçsəydi nə baş verərdi? Vurmazdılarmı? Elə ilk dəfədən vurardılar təbii ki”.
“BayMedia”nın əməkdaşı Elnur Eltürkün fikrincə, bu addım çoxdan atılmalı idi: “Azərbaycan xalqı bunu çoxdan gözləyirdi. Düşmən ölkə çoxdan həddini aşmışdı. Neçə zaman idi ki, Azərbaycan beynəlxalq rəyi nəzərə alıb, Ermənistanın təxribatçı addımlarına səbr nümayiş etdirirdi. Ermənistan ordusuna məxsus vertolyotun vurulması bir daha düşmən ölkəyə göstərdi ki, Azərbaycan istənilən vaxt öz torpaqlarını güc yoluyla azad edər və separatçıları öz torpaqlarından təmizləyər. Bu, Ermənistan üçün bir siqnaldır. Bununla da rəsmi Bakı düşmənə mesaj verdi ki, ağıllarını başına yığsınlar. Səbrimiz bir yerə qədərdir. Onsuz sülh danışıqları heç bir nəticəsini vermir və üstəlik, Ermənistan həyəsızcasına torpaqlarımızda hərbi təlimlər keçirməklə guya “güc” nümayiş etdirir. Halbuki Ermənistan ordusunun hansı vəziyyətdə olduğunu yaxşı bilirik. Belə olan halda Ermənistan hakimiyyətinin daxili ictimaiyyətə hesablanan addımları Azərbaycan ordusunun bir addımı ilə fiaskoya uğradı”.
APA Economics-in əməkdaşı Aqşin Rafiqoğlu birmənalı olaraq vurğulayır ki, düşmənin Azərbaycan ərazisinə, o cümədən ölkəmizin hava məkanına qanunsuz daxil olan istənilən hərbi texnikası vurulmalıdır: “Azərbaycan Ordusu, bizim əsgərlərimiz də vaxtında buna reaksiya verib və düşmənin helikopterini məhv edib. Bu, Azərbaycan Ordusunun müharibəyə daim hazır olduğunun bir daha bariz nümunəsi və göstəricisidir”.
“Kaspi” qəzetinin əməkdaşı, vaxtilə tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan respublikasından qaçqın düşmüş ailənin nümayəndəsi olan Rufik İsmayılov hərbçilərimizin bu addımını alqışlayır: “Hərbiçilərimiz tərəfindən erməni silahlı birləşmələrinin istənilən canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi, 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilən, içi mən daxil bir milyona yaxın qaçqın-məcburi köçkünü olan ölkənin hər bir vətəndaşı kimi bəndənizi də sevindirir. Cəbhə xəttində buna qədər də düşmənin müxtəlif təxribatlarının qarşısı uğurla alınıb və bundan sonra da bu, belə olacaq. Son olaraq Ermənistan silahlı birləşmələrinə məxsus helikopterin vurulması Azərbaycan ordusunun, onun zabit, gizir, çavuş və əsgər heyətinin hər zaman döyüşə hazır olmasının, düşmənin istənilən həmləsinin qarşısını almağa qadir olmasının, Vətənin keşiyində ayıq-sayıq dayanmasının bir daha nümayişi idi. Təbii ki, bundan böyük sevinc hissi keçirir, hərbiçilərimizlə qürur duyuram. İnanıram ki, dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, hərbiçilərimizin peşəkarlığı və şücaəti sayəsində vaxt gələcək, Azərbaycan əsgəri torpaqlarımızı işğaldan tam azad edəcək, bayrağımızı Qarabağda, Şuşada, Xankəndində və sair işğal olunmuş ərazilərdə təkrar dalğalandıracaqdır”.
“Azadinform” İnformasiya Agentliyinin redaktoru Adəm Abbaslı da hesab edir ki, məlum hadisə vaxtında və yerində düşmənə vurulan bir zərbədir: “Əslində bu, günü-gündən güclənən Azərbaycan Ordusu haqda ölkə başçısının söylədiyi fikirləri bir daha təsdiq etdi. Məsələnin digər tərəfində isə ermənilərə qucaq açan bəzi Beynəlxalq təşkilatları, ölkələri və millətləri sanki “ermənilərin axırı gəlib” qorxusu ilə ayağa qalxması durur.
“Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi heç kimin marağında deyil”, kimi fikri ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Tvvitter” səhifəsində Ermənistan hərbi helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasına münasibət bildirərkən yazıb. Sanki Azərbaycan Ordusunun qüdrət və gücündən qorxan Uorlik daha sonra yazıb ki, münaqişə tərəfləri gərginlik yaratmaqdan çəkinməli və müharibədən bir seçim kimi imtina etməlidir”.
Digər bir qurum – Avropa İttifaqı məsələ ilə bağlı bəyanatında qeyd edir ki, tərəflər təmkinli olmalı və situasiyanı gərginləşdirən hər hansı bəyanat və ya hərəkətdən uzaq olmalıdır. Burda da sanki Azərbaycanın güc strukturlarının işə düşməsindən bir qorxu sezilir.
Düzdür, hardasa narahatedici məqamlar da var, amma Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində yeganə haqlı tərəf olduğunu nəzərə alaraq NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurainin – “Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus helikopterin vurulması ilə bağlı xəbərlər məni narahat edir. Hadisənin şərtləri nə olursa olsun, hər iki tərəf sakit qalmalı və diplomatik həll yoluna davam etməlidir” – açıqlaması ilə özünün “Facebook” səhifəsindəki narahatçılığı bizi narahat etməməlidir. Çünki biz öz haqqımızı tələb edirik.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin isə “baş verən hadisələr gərginliyi azaltmaq və atəşkəs rejiminə sayğı duymaq da daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün cəhdləri ikiqat artırmağa ehtiyac olduğunu xatırladır”, deməsi, bizim bu hadisəyə normal qiymət verməyimizə əsas verir.
Sonda demək istəyirəm ki, hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə, artıq müdafiə naziri Zakir Həsənov tərəfindən mükafatlandırılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlunun bu hərəkətini bir daha alqışlayıram. Mənə elə gəlir ki, aidiyyəti beynəlxalq təşkilatlar münaqişənin həllində Azərbaycanın xeyrinə müsbət qərarlar qəbul etməsələr, İlkinin bu hərəkəti ilk olaraq qalmayacaq – Azərbaycan Ordusu öz gücü ilə düşmənə layiqli cavab verəcək!”
Jurnalist Leyla Məhərrəmova düşünür ki, gərginliyin yaranması mənfi haldır: “Onsuz da hələ ki, münaqişənin həllindən söhbət gedə bilməz. Amma helikopterin vurulması Ermənistan tərəfində qıcıq yarada bilər, bu da müharibə riskini, həm də Azərbaycanın beynəlxalq birlik tərəfindən sülhə əməl etməyən dövlət kimi tanınmasına səbəb ola bilər.
Lakin bir vətəndaş kimi hesab edirəm ki, hərbçilərimiz yaxşı ediblər. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada istənilən helikopterin uçması qanunsuzdur”(bakuinfo.az)