“Bu, əxlaqsızlığın ən yüksək formasıdır”
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüldənin müsahibəsini ixtisarla təqdim edirik:
– Sizin tez-tez sənət adamlarını “topa” tutduğunuzun şahidi oluruq. Sizcə, biz niyə bu qədər ənənələrimizdən uzaqlaşırıq?
– Əvvəla, onu deyim ki, biz müsəlmanıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada yaşayanlar hansısa dinə etiqad etməsin. Neyləyək ki, bizim də dinimizə İslam düşüb. Ona görə də biz əxlaqımızı qorumalıyıq. İmam Hüseyn (ə) yezidə deyir: “Dinin yoxdursa, mənliyin olsun”. Bizim də (Allah uzaq eləsin) dinimiz yoxdur, bəs mədəniyyətimiz, əxlaqımız?! Dünyada sevilməyən xalq qaraçılardır. Bəzi istisnalar olmaqla indiyə kimi kimsə deyə bilməz ki, mən qaraçı qızı ilə eyş-işrət yaşamışam. Qaraçı qaraçılığı ilə əxlaqını qorumağı bacarır. Ümumiyyətlə, əxlaq nə qardaş, nə ər, nə də nəsil üçün qorunur. “Quran”da yazılıb ki, axirətdə heç kəs heç kəsin yerinə cavab verməyəcək. Görün biz nə ilə fəxr edirik: səhnədə soyunmaqla. Bu, hansı əxlaqdır?!
– Hacı, bir az konkret danışın, hansı sənətçiləri sevmirsiniz?
– Mövzuya kökündən başlamaq istəyirəm. Səhnədə açıq-saçıq geyinməyin bünövrəsini Aygün Kazımova qoyub. Onun da yolunu bu birisilər davam etdirir.
– Siz “Tövbə” cəmiyytinin sədrisniiz. Sənət adamlarından kimsə sizə günahlarına görə tövbə etməyə müraciət edibmi?
– Xanımlardan yox, kişi sənətçilərdən yanıma gələn olub. Bütün dinlərdə tövbə edirlər. Amma tövbə iki nəfər arasında olur. Sovet dövründə ailə zəminində boşanma hadisəsi olanda ya qadın, ya da kişi hərəsindən bir nümayəndə ilə məhkəmədə ayrıca kabinetdə oturub dərdlərini danışırdılar. Bunu yalnız özləri bilirdi. 2-3 ay vaxt verilirdi. Bir hakim, bir də ailə bilirdi ki, bunlar hansı səbəbə görə boşanmaq istəyir. İndi isə Allaha şükür, elə deyil. Televiziyaya çıxarılan kişi deyir: “Arvadım 5 dəfə qaçıb qəbul etmişəm, yenə gəlsə qəbul edərəm. Onu tapın verin mənə”. Şəriət buyurur ki, belə adamların boynu vurulmalıdır.
– Dörd il bundan qabaq 70 yaşınızda ata oldunuz. Bu yaşda ata olmaq necə hissdir?
– Bu yaşda da ata olmağın öz gözəlliyi var. Oğluma öz adımı qoydum -Hacı Əbdül.
– İki evliliyiniz olub. İki xanımızdan dünyaya gələn övladlarınızın biri-birinə olan münasibətini də bilmək maraqlı olardı…
– Şəriət buyurur ki, əgər qadın vəfat etdisə, yəni qadının bir qapıdan cənazəsi çıxdısa, evə o biri qapıdan kişinin başqa qadını girməlidir. Kişi tez bir zamanda evlənməlidir. Günaha bata bilər. Səbəblər çoxdur. Kişi rəhmətə gedəndə isə qadın ərə getməyə də bilər, amma getsə daha yaxşı olar. Üzr istəyirəm, yoldaşım vəfat edəndən sonra evdə kiçik uşaqlar vardı. Rəhmətlik anam Hacı xanım idi, şəriəti də gözəl bilirdi. Anam həmişə mənə “Hacı evlən!” deyərdi. Deyidim ki, “evlənə bilmərəm, evdə qız uşaqları var. Gərək bunları yerbəyer edəm”. Anama deyirdim ki, mən nə bilim evimə gələn qadın necə olacaq? Çox ağır dövr idi. Mən uşaqları evləndirib yerbəyer edəndən, hamısının 2-3 uşağı olandan sonra ikinci dəfə evləndim. İkinci dəfə evlənəndə birinci həyat yoldaşımın ölümündən 8 il keçmişdi. Düz 8 il səhvə yol vermişəm.
– Bayaq tövbə etməkdən danışdınız. Tanınmış siyasətçilərdən kimlərin tövbə etməsini istərdiniz?
– İsgəndər Həmidovun tövbə etməsini çox istərdim. Çünki İsgəndər Həmidov Astarada bir evi topa tutdurdu və İrandan olan bir qonaq öldü. Qonağa ehtiram lazımdır. Əlbəttə, o tövbə üçün müraciət etsə, canla-başla qəbul edərəm.
– Şəriətdə sigə məsələsi var. Sizə siğə ilə bağlı müraciət edənlər olurmu?
– Olub. Bəzilərinə sigənin mahiyətini başa salandan sonra çıxıb gedib. Əslində siğəlik də fahişəlik kimi bir şeydir.
– Amma Azərbaycanda siğə olunmayan elə tanınmış adamlar var ki, kimnləsə nikaha girmədən bir yerdə yaşayıb övlad da dünyaya gətirirlər. Məsələn, bu müğənnilər arasında dəb halını alıb. Bu, bizim cəmiyyət üçün nə dərəcədə qəbul olunandır?
– Bu, əxlaqsızlığın ən yüksək formasıdır. İmam Əlidən (ə) soruşdular: “Ya imam, söyüş nə deməkdir?” Dedi: “Gizlində olan bir işin aşkarda təzahürünə söyüş deyilir”. Bu, nə aşkarda, nə də xəlvətdə qəbul olunan şeydir. Siğədən olan övladlar bicdir. Elə zaman gələr ki, bu bic doğulan bacı-qardaşlar bir-birindən xəbərsiz evlənə bilərlər. Çünki heç kəs biri-birini tanımır. Bizim evimizi belə kəslər yıxır.
– Müasir sənətçilərdən kimə qulaq asırsınız? Bayaq Aygün Kazımovadan yaxşı nəsə danışmadınız. Amma bu da bir reallıqdır ki, Aygün Kazımovanın pərəstişkarları çoxdur…
– Gənc ifaçılardan Röyanın bir-iki musiqisinə zövqlə qulaq asıram.
– Yeri gəlmişkən, Röya da hansısa əməlinə görə tövbə etməlidirmi?
– Röyanı bu günə Aygün Kazimova salıb. Onun üçün yol açıb.